NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi 22:17

Bəşəriyyətin ən böyük gücü - Elm

...

Elm insanlığın inkişafının əsas dayaqlarından biridir. Cəmiyyətin tərəqqisi, texnologiyanın inkişafı və insanların həyat keyfiyyətinin yüksəlməsi məhz elmi nailiyyətlər sayəsində mümkün olmuşdur. Azərbaycan cəmiyyətində həmişə elm və alim yüksək dəyərləndirilmiş, bu sahəyə xidmət edən insanlar böyük nüfuza sahib olmuşlar. Bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biri də elmi fəaliyyətin stimullaşdırılması, onun nüfuzunun artırılması, gənclərin elmi fəaliyyətə cəlb olunmasından ibarətdir. Məhz buna əsasən 2018-ci il aprelin 9-da ölkə başçısı Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Dünyanın müxtəlif ölkələrində fərqli vaxtlara təsadüf edən bu gün ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu gün – 27 martda qeyd olunur. Həmin gün elmin əhəmiyyəti, alimlərin cəmiyyətin inkişafındakı rolu və əldə olunan elmi yeniliklərin gələcəyimizə təsiri vurğulanır. 
Alimlər cəmiyyətin aparıcı qüvvəsidir. Onların məqsədyönlü fəaliyyəti sayəsində dünyamız dəyişir və inkişaf edir. “Elm günü” elmin inkişafına və alimlərin əməyinə hörmət əlaməti olaraq qeyd edilir. Bu gün elmin insanların gündəlik həyatına necə təsir etdiyi, texnoloji və sosial inkişafda oynadığı rol xüsusi vurğulanır. Elmin inkişafı yalnız alimlərin deyil, bütövlükdə cəmiyyətin rifahına xidmət edir. Elmi biliklərin sistemləşdirilməsi, yeni kəşflər, texnologiyanın inkişafı həyatımızın bütün sahələrinə təsir edir. Aparılan elmi araşdırmalar sosial, iqtisadi və texnoloji irəliləyişlərə yol açır ki, bu da insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.  
Elm günü həm də elm sahəsində çalışan insanları həvəsləndirmək, gəncləri elmi fəaliyyətə təşviq etmək və elmə marağı artırmaq üçün bir fürsətdir. Bu gün müxtəlif tədbirlər, sərgilər təşkil olunur ki, bu da elmin cəmiyyətə inteqrasiyasına, insanların elm və texnologiyaya daha yaxın olmasına kömək edir.
Elm cəmiyyətin hər bir sahəsinə təsir göstərir. Tibbdən tutmuş informasiya texnologiyalarına qədər elm insan həyatını asanlaşdırır və problemlərə həll yolları təqdim edir. Elmin inkişafı insanların sağlamlığını qorumağa, yeni enerji mənbələri yaratmağa və qlobal problemlərin həllinə töhfə verir.
Elm həm də cəmiyyətin maariflənməsində mühüm rol oynayır. İnsanlar elmi biliklərə sahib olduqca, daha sağlam qərarlar verir, fırıldaqçılıq və xurafatın təsirinə az düşürlər.
Azərbaycanda da elmin cəmiyyətə inteqrasiyası, müxtəlif elm sahələrinin inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə elm və təhsil sahəsində islahatlar aparılır, yeni elmi tədqiqat mərkəzləri yaradılır və alimlərə dəstək göstərilir. Bu il yaradılmasının 80 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elmi araşdırmaların mərkəzi rolunu oynayır və burada müxtəlif sahələrdə tədqiqatlar aparılır. AMEA ölkəmizdə elmi tədqiqat və inkişaf işlərini koordinasiya edən əsas qurumdur. 1945-ci ildə yaradılmış və elmi tədqiqatların aparılması üçün münbit elmi mühitin formalaşdığı bu qocaman elm məbədi özünəməxsus ənənələrə malikdir. AMEA müxtəlif institutları əhatə edir və elmin inkişafı, milli-mədəni irsin qorunması və elmi kadrların hazırlanması ilə məşğuldur. Burada müxtəlif sahələrdə elmi tədqiqatlar aparılmaqla yanaşı təhsil, kadr hazırlığı və milli, həmçinin beynəlxalq əməkdaşlıq da yüksək səviyyədə təşkil olunmuşdur. Yaranmasından keçən 80 ildə bu elm ocağında Azərbaycanın bir çox görkəmli elm adamları formalaşmışlar ki, onlar bu gün Azərbaycan elminin əsas yükünü öz çiyinlərində daşıyır, öz yetirmələrini hazırlayır, həmçinin ölkəmizi dünyada da layiqincə təmsil edirlər. 
Müasir dünyamız elmin inkişafı ilə birbaşa bağlıdır. Müxtəlif sahələrdə əldə olunan elmi nailiyyətlər insanlar üçün yeni imkanlar yaradır. Elm həyatımızın hər bir sahəsinə tətbiq olunaraq öz müsbət nəticələrini verir. Ölkəmizdə neft-qaz sənayesində elmi yanaşmaların tətbiqi mühüm nailiyyətlər əldə etməyə imkan vermişdir. Eyni zamanda informasiya texnologiyaları, ekologiya, kənd təsərrüfatı və tibb sahələrində də səmərəli elmi tədqiqatlar aparılmaqdadır. Beləliklə, elm və texnologiya cəmiyyətin gələcəyini formalaşdırır və yeni imkanlar yaradır.
Bu gün gənclər elmi inkişafın əsas hərəkətverici qüvvəsidir. Yeni nəsil alimlər və tədqiqatçılar elmi irəliləyişləri davam etdirmək üçün böyük potensiala malikdir. Bunun üçün məktəblərdə və universitetlərdə elmi tədqiqatlara daha çox dəstək göstərilməli, elmə həvəsi olan gənclərə hər cür imkan yaradılmalı və onları innovativ düşünməyə təşviq edən proqramlar təşkil olunmalıdır. Elm festivalları, müsabiqələr və startap layihələri gənclərin elmə marağını artırmaq üçün ən yaxşı vasitələrdir. Həmçinin, elmi populyarlaşdıran kitablar, sənədli filmlər və interaktiv resurslar sayəsində insanlar elmi daha yaxşı anlaya bilərlər.
“Elm günü”nün qeyd olunması, elmin insan həyatına təsirini vurğulamaq və gəncləri elmə təşviq etmək baxımından çox vacibdir. Elm sayəsində insanlıq böyük nailiyyətlər əldə etmişdir və gələcəkdə də bu inkişaf davam edəcək. Elmə investisiya qoymaq, yeni nəsli elmi araşdırmalara cəlb etmək və texnoloji yeniliklərə açıq olmaq cəmiyyətin inkişafı üçün vacib addımlardır.
Elm hər zaman bəşəriyyətin ən böyük gücü olmuş və olacaq. Bu səbəbdən, elmi araşdırmalara dəstək olmaq və elmi maarifləndirməni artırmaq hər kəsin borcudur. Azərbaycanda hər il martın 27-də “Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri, alimlərimizin uğurlarını geniş ictimaiyyətə təqdim etməyə, ölkəmizdə bu sahədə olan çatışmazlıqları müzakirə etməyə və problemlərin həlli istiqamətində tədbirlər görməyə ikman verir.

Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru

Nəşr edilib : 27.03.2025 11:15