Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
Rəqs sadəcə musiqi sədaları altında icra edilən fiziki hərəkətlər toplusu deyil. O, sərhədləri aşan, estetik və bədii məna daşıyan, sözlərə ehtiyac duymadan millətləri və qəlbləri birləşdirən universal bir dildir. Qədim zamanlarda rəqslər dini və mənəvi təcrübələrin mühüm hissəsi sayılırdısa, müasir mədəniyyətdə rəqsin ən mühüm və bilinən rolu əyləncədən ibarətdir.
Hər il 29 aprel tarixi bütün dünyada Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Rəqs Komitəsi tərəfindən təsis edilib. Tarixin məhz 29 aprel seçilməsi isə heç də təsadüfi deyil. Həmin gün müasir baletin banisi, islahatçı və nəzəriyyəçi, məşhur fransız baletmeysteri Jan-Jorj Noverin doğum günüdür.
Beynəlxalq Rəqs Günü bir çox ölkədə sənət bayramı kimi də qeyd olunur. Əhval-ruhiyyəni qaldırdığına görə dünyanın hər yerində rəqs festivalları keçirilir və mədəniyyətlərin müxtəlifliyini, zənginliyini nümayiş etdirən rəqs tamaşaları təşkil edilir. Bayramın əsas məqsədi rəqs sənətinin bütün növlərinə diqqət çəkmək, bu sənət növünün dəyərini cəmiyyətə aşılamaq və siyasət, mədəniyyət, etnik fərqlilikləri bir kənara qoyaraq insanları eyni ritm ətrafında birləşdirməkdir.
Hər bölgənin öz mədəni irsini əks etdirən özünəməxsus rəqs tərzi var. Azərbaycan mədəniyyətindən bəhs edərkən milli rəqslərimizin adını çəkməmək qeyri-mümkündür. Bizim rəqslərimiz xalqın xarakterini bütün çalarları ilə nümayiş etdirir. Birliyin və bərabərliyin rəmzi olan əzəmətli “Yallı”, qızlarımızın incəliyini və zərifliyini göstərən “Uzundərə” və ya “Tərəkəmə”, qəhrəmanlıq ruhumuzu oyadan “Cəngi”, yeni bir həyata qədəm qoyarkən sədaları altında süzdüyümüz “Vağzalı”... Bunların hər biri bizim milli sərvətimizdir və nəsildən-nəslə ötürülərək yaşamağa davam edir.
Ruhunuz həmişə rəqs ritmində olsun, çünki hərəkət həyatdır...
Səmayə RƏSULOVA
Digər xəbərlər