Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacə...
17:58 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Gündəlik həyatımızda insanlarla ünsiyyət qurarkən bədən dilimizlə düşündüklərimizi və hiss etdiklərimizi ifadə edirik. Bədən dili insanların sözsüz ünsiyyətinin əsas hissəsidir. Bu dil ünsiyyətdəki sözlərin yanında əlavə bir mesaj da verir. İnsanlar bədən dili ilə daha çox məlumat ötürür. Bəzən bu sözlərdən daha da əhəmiyyətli olur. Sözlərin arxasında gizlənən bu gizli dil insan münasibətlərinin incəliklərini anlamağa kömək edir. Bədən dili çox vaxt sözlərdən daha güclü olur, çünki o, duyğularımızı anında üzə çıxarır. Biz də bədən dilinin dərinliyini başa düşmək üçün yollandıq psixoloq-pedaqoq Günay Quliyevanın yanına.
Günay xanım qeyd etdi ki, insanlarla sağlam münasibət üçün onlarda yaratdığımız ilk təəssürat çox önəmlidir. Burada sözlərdən əlavə bədən dilinin rolu danılmazdır. O, bədən dilinin ünsiyyətin 50-70 faizini əhatə etdiyini vurğuladı. Yəni, əslində, sözlərdən daha çox bədən dili ilə danışırıq. Günay xanımın dediklərinə görə, bədən dili üç əsas komponentdən ibarətdir; duruş, jestlər və göz kontaktı. Duruşumuz özümüzə olan inamı və ruh halımızı əks etdirir. Dik oturmaq özgüvəni, lakin əyilmiş bir duruş narahatlıq hissini ifadə edə bilər. Jestlər sözləri tamamlayaraq fikrimizi daha da aydınlaşdırır. Göz kontaktı isə insan əlaqələrinin vacib bir hissəsidir. Düzgün göz kontaktı etimad və diqqət hissi yaradır.
Günay xanım biz bilmədən etdiyimiz hərəkətlərin önəmindən də danışdı. Əslində, özümüzü sözlərlə ifadə etməyə çalışsaq da, bədən dilimiz bizim nə hiss etdiyimizi ortaya çıxarır. Məsələn, dırnaqları dişləmək stress və narahatlıq göstəricisidir. Gözlərin qaçması özünə inamsızlıq və ya yalan danışma əlaməti ola bilər. Əlləri açıq tutmaq insanın açıq fikirli olduğun bildirir. Çox əlləriylə oynayan insanlar gərginlik hissi yaşayır. İstənilən vəziyyətdə gülmək bəzən qəzəb və ya həyəcanın gizlədilməsinin bir yoludur. Sürətli göz qırpması narahatlıq və ya stress göstəricisi ola bilər. Gözlərin yuxarıya baxması bezginliyi əks etdirir. Sıxılmış əllər gərginlik və ya özünə inamsızlığı göstərir. Əlləri beldə tutmaq güclü bir mövqenin göstəricisidir.
Bu dil insanlığın ən qədim, lakin ən təsirli ünsiyyət formalarından biridir. Bədən dili insan ünsiyyətinin ayrılmaz bir hissəsidir. Bu dili anlamaq sizin başqaları ilə olan münasibətinizi daha da dərinləşdirəcəkdir. Bədən dilini başa düşmək, həmçinin öz bədən dilinizi tənzimləməyi də öyrənməyə kömək edir, bu da daha müsbət və inamlı bir imic yaradır.
Günel MƏMMƏDOVA
Digər xəbərlər