Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film ...
21:59 25.08.2026
0
0
0
NAXÇIVAN :
25 Avqust 2026, Çərşənbə axşamı
Bəzən bir səfər yalnız dövlətlərarası münasibətlərin növbəti səhifəsi deyil, tarixin dərin qatlarından gələn bağların yenidən üzə çıxması, xalqları birləşdirən mənəvi dəyərlərin yeni məzmun qazanmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri və avqustun 23-də Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirakı da bu baxımdan mühüm siyasi, mədəni və mənəvi məna daşıyır.
Daşkənddə Nizami adının elm və təhsil ocağında yaşadılması təsadüfi seçim deyil. Bu, Azərbaycan və Özbəkistan xalqları arasında əsrlərdən gələn mənəvi yaxınlığın, ortaq dəyərlərə bağlılığın və gələcəyə yönəlmiş qardaşlıq münasibətlərinin rəmzidir. Gəncədə doğulan dahi Nizami Gəncəvinin adının Özbəkistanın paytaxtında fəaliyyət göstərən universitetdə yaşadılması iki xalqın tarixi yaddaşına yeni və əlamətdar səhifə əlavə edir.
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının və dünya ədəbi-fəlsəfi düşüncəsinin böyük simalarından biridir. Onun yaradıcılığında elm, ədalət, insanlıq, mərifət və mənəvi kamillik ideyaları xüsusi yer tutur. Əsrlər keçsə də, bu ideyalar öz aktuallığını qoruyur. Buna görə Nizami irsinin qorunması, öyrənilməsi və dünyada təbliği Azərbaycan dövlətinin milli-mədəni siyasətinin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin diqqəti və təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinə verilən yüksək qiymətin bariz nümunəsi oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə şairin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, sülh, dialoq, tolerantlıq və mədəniyyətlərarası anlaşmaya xidmət edən nüfuzlu beynəlxalq platformaya çevrilib.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yaradılması həmin mənəvi xəttin təhsil müstəvisində davamıdır. Universitetin pedaqoji kadrların hazırlanmasına yönəlməsi isə xüsusi məna daşıyır. Çünki müəllim yalnız bilik ötürən deyil, gələcəyin düşüncəsini və dəyərlərini formalaşdıran şəxsdir. Nizami Gəncəvinin adını daşıyan təhsil ocağında bu missiyanın həyata keçirilməsi onun elmə, biliyə və kamilliyə verdiyi dəyərin müasir təhsil mühitində yaşadılmasıdır.
Universitetin müasir tədris imkanları, tələbələr üçün yaradılan şərait, Nizami Gəncəvi Muzeyi və digər mədəni məkanlar təhsil ilə mədəniyyətin vəhdətini təmin edir. Yeni kampusun gələcəkdə elmi və mədəni əməkdaşlığın da mühüm mərkəzlərindən birinə çevrilməsi bu baxımdan əhəmiyyətlidir.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin bütün sahələrdə inkişafı türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq mədəni dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verir. Ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və dövlətçilik ənənələri Türk dünyasının gələcəyə daha sıx birlik içində addımlaması üçün möhkəm əsas yaradır. Bu mənzərənin Qarabağda başlayan xüsusi bir səhifəsi də var. Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin yaradılması Azərbaycan-Özbəkistan qardaşlığının Qarabağda ucalan mühüm simvollarındandır. Özbəkistanın böyük alimi və dövlət xadimi Mirzə Uluqbəyin adının Azərbaycan torpağında bir məktəbdə yaşadılması iki xalqın bir-birinin tarixinə və mədəni irsinə göstərdiyi ehtiramın parlaq nümunəsidir. Məktəbin şagirdlərinin Daşkənddə təhsil almaq imkanları əldə etməsi, müəllimlərin Özbəkistanda müasir təhsil proqramları üzrə təlimlərdə iştirakı isə bu qardaşlığın yalnız simvolik deyil, real həyatdakı ifadəsidir.
Belə təşəbbüslər dövlətlərarası münasibətləri gənc nəslin həyatına daşıyır, qarşılıqlı tanımanı və etimadı möhkəmləndirir. Füzulidə Uluqbəyin adı məktəbdə, Daşkənddə Nizaminin adı universitetdə gələcəyə açılan qapıya çevrilir. Bu iki ünvan arasında Qarabağdan Daşkəndə, məktəbdən universitetə, keçmişdən gələcəyə uzanan mənəvi bir təhsil körpüsü yaranır.
Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız yüksəksəviyyəli siyasi dialoqda yox, həm də bu əlaqələrin məktəblərə, universitetlərə, elmə və mədəniyyətə nüfuz etməsində özünü göstərir. Çünki dövlətlərarası münasibətlərin davamlılığı gələcək nəsillərin bir-birini tanıması, ortaq dəyərlərə sahib çıxması və qarşılıqlı ehtiramı yaşatması ilə daha da möhkəmlənir.
Prezident İlham Əliyevin bu tarixi mərasimdə iştirakı hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artırır. Nizami Gəncəvinin adının Daşkənddə ali təhsil ocağında yaşadılması böyük Azərbaycan şairinə göstərilən ehtiramla yanaşı, milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasının, Azərbaycan-Özbəkistan qardaşlığının və Türk dünyasının ortaq mədəni yaddaşının gələcəyə daşınmasının parlaq nümunəsidir.
Böyük şəxsiyyətlərin əsl böyüklüyü yalnız öz dövrlərində deyil, əsrlər sonra da gələcək nəsillərə söz deyə bilməsindədir. Nizaminin əsrlər əvvəl yaratdığı mənəvi xəzinə bu gün də yeni nəsillərin düşüncəsinə yol göstərir. Onun yaradıcılığında insanı kamilliyə, elmə, ədalətə və mənəvi ucalığa səsləyən ideyalar zamanın sərhədlərini aşaraq bu gün də öz əhəmiyyətini qoruyur.
Gəncədən Daşkəndə uzanan bu mənəvi yol Nizami irsinin yalnız ədəbi miras deyil, həm də Türk dünyasının ortaq dəyərlərini birləşdirən canlı mənəvi körpü olduğunu göstərir. Bu yolun təməlində ortaq tarix, istiqamətində elm və təhsil, gücündə isə qardaşlıq dayanır.
Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Daşkənddə fəaliyyətə başlaması bu baxımdan yalnız yeni bir təhsil ocağının yaradılması deyil. Bu, iki xalqın ortaq mənəvi yaddaşının gələcək nəsillərə ötürülməsi, Azərbaycan-Özbəkistan qardaşlığının elm və təhsil müstəvisində daha da möhkəmlənməsi deməkdir.
Nizaminin söz işığı isə Türk dünyasının gələcəyinə uzanan bu yolda yeni nəsillərə yol göstərməkdə davam edir.
Aidə İBRAHİMOVA
NDU Beynəlxalq Kembric Məktəbinin
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
Digər xəbərlər