NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

...

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Ədalət Fərman oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Xəzər rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ədalət Mustafayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Nəşr edilib : 25.08.2026 17:53