Avropada Azərbaycana münasibətdə formalaşan iki ya...
15:26 11.05.2026
0
0
0
NAXÇIVAN :
11 May 2026, Bazar ertəsi
Naxçıvan, Zəngilan, Kotam və Ağbənd. Bu adlar çəkiləndə biz naxçıvanlıların ağlına 36 illik ayrılıq gəlir. Bəli, vaxtilə Azərbaycanı yarımcan edib Zəngəzuru peşkəş verənlər bizim gözlərimizi də yollarda qoydu.1990-cı ilin çətin günlərində Azərbaycanın əsas hissəsindən Naxçıvana gələn yol Zəngilan rayonunun Ağbənd qəsəbəsində kəsildi. Artıq 6 ildir ki, biz Ağbənddən keçib Kotama çatacaq qatarın yolunu gözləyirik. Və əminik, o gələcək. Çünki Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra azad olmuş hər qarış kimi Zəngilan da dirçəlir, yollar uzanır Naxçıvana doğru. Qələbədən sonrakı ilk köç də məhz bu rayona oldu, "ağıllı kənd" layihəsi burada həyata keçirildi. Ötən gün – dahi rəhbərin 103-cü doğum günündə isə Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılış mərasimi oldu. Müzəffər Sərkərdə Zəngilan şəhər sakinlərinə öz evlərinin açarını təqdim edəndə illər öncə verilən sözlərin yerinə yetdiyinin şahidi olduq. Bu həm də Ata vəsiyyətinə əməl etmək idi. Onun arzularının çin olması idi. Ali Baş Komandan bunu sakinlərlə görüşündə də dilə gətirdi: “Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.
Vətən müharibəsində bu xalqın göstərdiyi qəhrəmanlıq və birlik onu sübut etdi ki, biz hər çətinliyə dözərik, amma torpağımızın bir qarışını belə güzəştə getmərik. Bu gün fəxrlə deyirik ki, biz yurdumuza qayıdırıq, Qarabağ azaddır. Biz bunu bacardıq. Ulu Öndərin davamçısı onun vəsiyyətini yerinə yetirdi və biz fəxrlə deyirik ki, Vətənimizin hər qarış torpağı bizə – xalqımıza məxsusdur. İgid oğullarımız işğalçıları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.
Bu şərəfli tarixə şahid olmaq sevincini yaşayan hər bir azərbaycanlı dövlətinə minnətdarlıq hissi ilə yaşayır. Zəngilan şəhərində öz doğma yurduna dönən insanların ocağında yanan çıraq ruhumuza aydınlıq gətirir. Dövlət başçısının da dediyi kimi: “Bu gün hər şey göz qabağındadır”. Bəli, artıq bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi isə dahi rəhbərin yolunun davam etdirilməsidir. Onun ləyaqətli siyasətinin, sözə və əmələ sadiqliyinin dövlət başçısı tərəfindən davam etdirilməsi və bizim hərbi qələbəmiz. İllərlə səbir etdik, dövlətimizə, Prezidentimizə güvənib səbir etdik. 2020-ci ildə qalib olanda bütün çəkilən zəhmətlərin boşa getmədiyinə şahid olduq. İşğalın fəsadlarını aradan qaldırmaq və torpağımızı hər qarışına döşənən minalardan təmizləmək də elə döyüşdə qələbə qazanmaq qədər məşəqqət tələb edən iş olsa da, biz həm bu çətinliyin, həm də torpaqlarımızın işğalçılar tərəfindən zəhərlənməsinin fəsadlarını aradan qaldırdıq. Dünyaca məşhur Bəsitçay qoruğunda olan dünyada ikinci ən böyük çinar meşəsində ağacların çoxu düşmən tərəfindən məhv edilsə də, biz bu torpağa yeni çinarlar əkib təbiəti dirçəltdik. 30 ildə düşmən əlində daşı daş üstə qalmayan Zəngilan özümüzə qayıtdığı gündən cəmi beş il keçməsinə baxmayaraq, bu kiçik zaman kəsiyində buraya həyat qayıtdı –yollar, körpülər, elektrik stansiyaları, su anbarları, sakinlər üçün evlər, məktəblər tikildi. İllər keçdikcə talançı işğalçıların əməllərindən əsər-əlamət qalmır yurdumuzda. Vaxtilə düşmən tərəfindən dağıdılan Zəngilan məscidi yenidən öz tarixinə qovuşub, birinci yaşayış məntəqəsi məhz Ağalı kəndində qurulub. Məmmədbəyli kəndi salınıb. Zəngilan şəhəri əvvəlki çal-çağırlı günlərinə qayıdır. Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir, azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – "Dost Aqropark" məhz burada yaradılıb.
Artıq Zəngilan nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevrilir. İnşasına başlanan dəmir yolunun çəkilişi bitmək üzrədir. Bütün bunlarla bərabər, qonşu İran İslam Respublikasının sərhədində Azərbaycan dövlət başçısının təşəbbüsü ilə Araz çayı üzərində inşa olunan körpü və sərhəd-gömrük infrastrukturu, binaların tikintisi tamamlanmaq üzrədir. Bu yol həm də beynəlxalq nəqliyyat dəhlizi olacaq. Dövlət başçısı öz çıxışında bu sahədə görülən işlərdən və gələcək üçün əhəmiyyətindən də bəhs edib: “Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə, Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.
Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq”.
Bütün bunlar olacaq, çünki dövlətimizin başçısı bu günə kimi verdiyi bütün vədləri yerinə yetirib.
Biz əminik ki, yaxın gələcəkdə Bakıdan Zəngilana uzanan dəmir yolu Zəngəzur dəhlizindən keçib Naxçıvanı doğma Vətənə birləşdirəcək. 30 ildən çoxdur ki, bağlı qalan 30 dəqiqəlik məsafə bizi xəyallarımıza qovuşduracaq.
Yenə Bakıdan yola çıxan qatarlar Zəngilanın Mincivan və Ağbənd stansiyalarından keçib Naxçıvana gələcək. Bax həmin gün bizim böyük qələbəmizin təntənəsi yaşanacaq. Bu torpaqların azadlığı və suverenliyi uğrunda can verən oğulların ruhu şad olacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər