NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Baş Dizə kəndində səyyar qəbul keçirilib

...

Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli Baş Dizə kənd sakinlərinin müraciətlərini dinləyib. 23 sentyabr 2024-cü il tarixdə keçirilən görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri  iştirak ediblər.
İcra başçısı Baş Dizə sakinlərini salamlayaraq bildirib ki, vətəndaş məmnuniyyətinin təmin edilməsi, əhalinin mövcud problem və təkliflərinin öyrənilməsi məqsədilə keçirilən səyyari görüşlər, effektiv dövlət idarəçiliyinin əsas prinsiplərindən biridir. Qeyd olunub ki, bu gün Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi islahatların mərkəzində məhz insan amili durur. Dövlətimiz siyasi arenada böyük nüfuz qazanıb. Beynəlxalq tədbirlərə müntəzəm olaraq ev sahibliyi edərək etibarlı tərəfdaş ünvanını əldə edib.
Qəbul zamanı ölkə daxilində həyata keçirilən modern islahatlara da toxunulub.  Naxçıvan Muxtar Respublikasında yaradılan Prezidentin səlahiyyətli nümayəndəliyi institutunun yeni və müasir idarəçilik sisteminin formalaşması və daha da möhkəmlənməsində mühüm rol oynadığı bildirilib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında söhbət açan icra başçısı  bu proqramın tərkib hissəsi olan “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın həyata keçirilməsi ilə muxtar respublikanın bütün bölgələrinin, xüsusilə də Ordubadın timsalında yeni inkişaf mənzərəsinin müşahidə olunacağını qeyd edib. Artıq proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı işlərə başlandığı, baramaçılığın pilot layihə kimi tətbiq olunaraq müsbət nəticə ilə yekunlaşdığı yerli sakinlərin diqqətinə çatdırılıb. Perspektivdə ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu, bununla bağlı xammal bazasının yaradılması istiqamətində mühüm işlərin görüldüyü barədə məlumat verilib.
Dövlət başçısı tərəfindən ölkəmizin “Böyük Türk Dünyası” ailəsinə inteqrasiyası yönündə əməli addımların atıldığı, xarici siyasətimizin türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi prioriteti üzərində qurulduğu vurğulanıb. Ölkəmizdə bu ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması və dünya əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi etməyin əhəmiyyəti bir daha vurğulanıb, eləcə də Ordubad rayonunda da bu sahədə görülən işlər barədə məlumat verilib.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə də ilk olaraq yeni Hotel tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğu  bildirilib. Şəhərin hazırlanmaqda olan baş planına uyğun olaraq tarixi əhəmiyyətli “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin də hərtərəfli restevrasiya olunacağı vətəndaşların nəzərinə çatdırılıb.  
Daha sonra Baş Dizə kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, səhiyyə, torpaq, meliorasiya və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli kəndə səfəri çərçivəsində Baş Dizə kəndinin ağsaqqal və uzunömürlü sakinləri ilə də görüşüb, onların mövcud problem və qayğıları ilə maraqlanıb, həmçinin kəndin inkişafı ilə bağlı səsləndirilən təklifləri diqqətlə dinləyib. Qeyd olunan çatışmazlıqlar ilə bağlı qeydlər götürülərək xidməti qurumlara müvafiq göstərişlər verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Nəşr edilib : 24.09.2024 12:00