Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Balacalar üçün gimnastika həm əyləncəli, həm də faydalı bir məşğuliyyətdir. Bu idman növü ilə məşğul olmaq uşaqların həm fiziki, həm də mental inkişafına böyük töhfə verir və balacaların sağlam böyüməsinə dəstək olur. Gimnastika uşaqların əzələlərini gücləndirir, elastiklik və çevikliklərini artırır. Bədən hərəkətlərini koordinasiya etmələrinə və tarazlıqlarını qorumalarına kömək olur. Uşaqlar gimnastikada yeni hərəkətləri öyrəndikcə özlərinə inamları artır. Bir hərəkəti öyrənmək və ya bir məqsədə çatmaq üçün çalışmaq, qətiyyət və iradə gücü qazandırır.
Məsuliyyət hissini və qaydalara riayət etmə bacarığını formalaşdıran bu idman növü artıq muxtar respublikada da sevilən və inkişaf edən idman növlərindən birinə çevrilib. “Şərq qapısı”nın budəfəki qonağı Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Mədinə Novruzludur. O artıq 6 ildir ki, gimnastika ilə məşğul olur və bu idman növündə bir sıra uğurlar əldə edib.
Mədinə deyir:“Gimnastikaya başlayanda, hər şey çox çətin görünürdü. Amma hər dəfə yeni hərəkət öyrənəndə sanki uçurdum! Ən sevdiyim şey tullanmaq və havada fırlanmaqdır – o anlarda çox xoşbəxt oluram. Bəzən yıxılanda ağlamaq istəyirəm, amma müəllimim həmişə deyir ki, heç nə olmaz, bir də cəhd et. Mən də təkrar-təkrar cəhd edirəm və nəhayət bacaranda çox sevinirəm. Yarışlarda çıxış edəndə bir az qorxuram, amma sonra alqışları eşidəndə ürəyimdə bir cəsarət yaranır. Anam və atam tribunada gülümsəyəndə, sanki daha güclü oluram. Gimnastika mənim üçün oyun kimidir –burada həm dostlar var, həm də əyləncəli məşqlər.Bir gün böyük gimnastlar kimi olmaq istəyirəm, öz hərəkətimi yaratmaq və “Bu mənimdir!” demək istəyirəm.
Hədəfim yalnız yeni medallar qazanmaq deyil, həm də gələcəkdə peşəkar gimnast olmaq istəyirəm. Bu yolda mənə dəstək olan məşqçi-müəllimim Humay Qafarovaya və anama minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, Mədinə Bakı şəhərində keçirilən Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festivalda, Gürcüstanda keçirilən İnternational Tournament in Gymnastics for all “Tbilisi Gymnaestrada” da, Bakı şəhərində keçirilən “1st Baku Gym for all İnternational Challenge” də I yerlərə, Quba şəhərində keçirilən bədii gimnastika üzrə turnirdə III yerə layiq görülüb.
Valideynləri ilə söhbətdə bildirdilər ki, onlar öz övladlarının bu idman növü ilə məşğul olmasına dəstəkçidirlər, çünki gimnastika Mədinədə əsl idmançıya xas olan keyfiyyətlər formalaşdırıb.
Onlar inanırlar ki, Mədinə gələcəkdə daha böyük uğurlar qazanacaqdır.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər