NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

...

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiya keçirilib.

"Şərq qapısı" xəbər verir ki, beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadənin moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin (HTBİ) rəisi tibb xidməti general-mayoru Rüfət Əliyevin sözlərinə görə, insanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələrin əldə edilməsində və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. O, qeyd edib ki, HTBİ-nin Genetik Araşdırmalar Mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub.

HTBİ-nin rəisinin sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışı ilə yanaşı, hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil: “Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yeni dəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik-ekspertiza qurumlarına ehtiyac getdikcə artmaqdadır. Azərbaycanda mərkəzində insan amilinin, vətəndaşların hüquq və mənafelərinin dayandığı dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, tam dövlət maliyyələşməsi hesabına qurulan Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının akkreditasiyadan keçirilməsinin vacibliyi nəzərə alınıb və 2024-сü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya edilib və sertifikatlaşdırılıb. Laboratoriyanın bioloji materialların idarəedilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir”.

Rüfət Əliyev bildirib ki, hazırkı dövrədək HTBİ-də 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib. “Genetik Araşdırmalar Mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb, əldə edilən nəticələrlə itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həm də təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub", - deyə o qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Uğur Bayraktutan deyib ki, itkin düşmüş insanların axtarılması, tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi yalnız texniki və ya hüquqi proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda, humanitar məsuliyyətdir, ailələrin hüquqlarına, keçmişinə, irsinə hörmətin göstəricisidir və cəmiyyətlərin öz keçmişi ilə sağlam şəkildə üzləşə bilməsinin mühüm şərtidir. O, bu baxımdan Azərbaycanın nümunəsinin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Monteneqronun sabiq müdafiə naziri Milica Durisic sülh sazişinin müharibəni dayandıra bildiyini, lakin onun bütün humanitar nəticələrini aradan qaldıra bilmədiyini diqqətə çatdırıb: "Məhz buna görə hesab edirəm ki, itkin şəxslər məsələsi yalnız sülh prosesindən sonra həll edilməli olan məsələ kimi nəzərdən keçirilməməlidir. Bu məsələ sülh prosesinin tərkib hissəsi olmalıdır. Hesab edirəm ki, itkin şəxslərin axtarışı münaqişədən çıxan cəmiyyətlər üçün ən praktik etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər. Çünki siyasi mövqelər arasında dərin fikir ayrılıqları qalmaqda davam etsə belə, insanları bir araya gətirə biləcək fundamental humanitar prinsip mövcuddur. Bu ortaq prinsip bəzən siyasi dialoqun aça bilmədiyi qapıları açır".

Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Mohammad Naqib Eishan Jan bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan Qarabağ bir zamanlar işğal altında olub və dağıdılıb. Bu gün isə Qarabağ azadlığın nemətindən bəhrələnir. Azərbaycan hökumətinin səyləri nəticəsində hazırda Qarabağda infrastrukturun bərpası, zəruri xidmət və obyektlərin, eləcə də sakinlərin rifahının təmin olunması məqsədilə genişmiqyaslı yenidənqurma, dirçəliş və inkişaf işləri həyata keçirilir. Məcburi köçkünlər öz evlərinə qayıdır, icmalar yenidən qurulur və region yeni bir mərhələyə – sülh, sabitlik və inkişafa doğru irəliləyir. Bunlar mühüm inkişaflardır. Lakin sülh müharibənin insanlara vurduğu nəticələri aradan qaldırmır.

"Müharibələr harada baş verməsindən asılı olmayaraq, özündən sonra dərin yaralar qoyur. Qarabağ müharibəsi də istisna deyil. Həmin münaqişələrin ən ağrılı miraslarından biri taleyi naməlum olaraq qalan minlərlə insanın vəziyyətidir. Dörd mindən çox azərbaycanlı barədə bu günədək məlumat yoxdur. Hər bir itkin şəxsin arxasında bir ailə dayanır: Hələ də gözləyən ana, cavab almaq istəyən ata və valideyninin başına nə gəldiyini bilmədən böyüyən uşaq. Məhz buna görə itkin şəxslər məsələsinə, sadəcə, statistika kimi yanaşmaq olmaz. Bu, insan ləyaqəti, ədalət və hüquq məsələsidir", - deyə malayziyalı professor vurğulayıb.

Meksikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Diyeqo Qayolun sözlərinə görə, ölkəsi Azərbaycanla insan identifikasiyası, məhkəmə-tibbi ekspertiza, axtarış metodologiyaları və institusional potensialın gücləndirilməsi kimi sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarının, qabaqcıl təcrübə, texniki ekspertiza və qarşılıqlı öyrənmə mübadiləsinin araşdırılmasını məmnunluqla qarşılayar: "İnanırıq ki, müvafiq qurumlarımız arasında dialoq və praktiki əməkdaşlıq qarşılıqlı faydalı ola və bu humanitar problemin həllinə əlavə töhfə verə bilər. Hesab edirik ki, bu kimi çoxtərəfli forumlar qarşılıqlı öyrənmənin təşviqi və ümumi həll yollarının hazırlanmasında mühüm rol oynayır. Milli reallıqlar fərqli olsa da, bütün dövlətlər itkin düşmə hallarının qarşısının alınması, itkin şəxslərin taleyi və harada olduqlarının müəyyənləşdirilməsi, zərərçəkmişlərin və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə məsuliyyəti bölüşür. Təcrübə mübadiləsi bir-birimizdən öyrənməyə, institutlarımızı gücləndirməyə və ümumi cavab tədbirlərimizi təkmilləşdirməyə imkan verir".

Kolumbiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Yesid Andres Serranonun deyib ki, ölkəsinin təcrübəsi göstərir ki, itkin düşmüş şəxslərin axtarışı sülhə keçid şəraitində etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər. Eyni zamanda, həqiqətin üzə çıxarılması və zərərçəkmişlərin tanınması barışıq prosesinə və davamlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir.

Tacikistanın Baş Prokurorluğunun böyük prokuroru Şohin Talbakzoda diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu beynəlxalq ictimaiyyətin bu humanitar faciəyə diqqətinin cəlb olunmasına xidmət edən mühüm platformaya çevrilib. “Fikrimizcə, həlak olmuş şəxslərin qalıqlarının aşkar edilməsi, onların ləyaqətlə dəfn olunması, ailələrin baş vermiş hadisələr barədə həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq humanitar hüququn ayrılmaz hissəsidir”, - deyə o bildirib.

Şohin Talbakzoda qeyd edib ki, itkin şəxslər probleminin bəzən hüquqi müzakirələrin hüdudlarından kənarda qalan daha bir ölçüsü var. Bu, dünyanın insani ölçüsüdür. İtkin şəxslərin identifikasiyasına müasir yanaşma hüquqi mexanizmləri, axtarış işlərini, məhkəmə-tibbi, kriminalistik, antropoloji, genetik, informasiya texnologiyalarını və beynəlxalq əməkdaşlığı birləşdirməlidir.

Digər çıxış edənlər də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin yalnız hüquqi və texniki məsələ olmadığını, eyni zamanda, humanitar əməkdaşlığın, etimadın yaradılmasının və davamlı sülhün möhkəmləndirilməsinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. Onlar itkin şəxslərin axtarışı və identifikasiyası sahəsində beynəlxalq təcrübə və qabaqcıl yanaşmaların bölüşdürülməsinin, dövlətlər və aidiyyəti qurumlar arasında praktiki əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Nəşr edilib : 08.10.2026 17:48