NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

“Baharfest” dən bahar təravətli söhbətlər

...

Ölkəmizin hər yerində olduğu kimi, qədim diyarımız Naxçıvanda dabu günlər əsl bayram sevinci yaşanır. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında keçirilən “Baharfest” festivalı böyük cosqu ilə qeyd olunur. Novruz bayramı ilə əlaqədartəşkil edilmiş şənlikdə yaradıcılıq nümunələri nümayiş etdirilir: milli geyim, milli mətbəx, adət-ənənələrin rəngarəngliyi hər kəsin sevincinə səbəb olur. Biz də “Şərq qapısı” qəzeti olaraq bir neçə gün davam edəcək festivalda, insanların təəssüratlarını öyrəndik.

Babək şəhər sakini Çiçək Məmmədova bildirdi ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılaraq böyük təntənə ilə qeyd olunması hamımızı sevindirir. Bu bayrama gələnlər Novruz adət-ənənələri ilə tanış olmaqla bərabər həm də Xan sarayını, Möminə xatın türbəsini və Açıq Səma Altında muzeyi seyr etmə imkanı qazanırlar. Bu da tədbirəgələn qonaqların mənəvi istirahəti üçün əla fürsətdir. “Baharfest”də özünə yer almış Naxçıvan istehsalı olan məhsulları, milli mətbəx nümunələrimizhamının ürəyincədir. İnsanları birliyə, bərabərliyə, mənəvi saflığa səsləyən Novruz bayramı həm də rəngarəng oyunları, maraqlı tamaşaları ilə daim insanların, xüsusilə də gənc nəslin diqqət dairəsində olub.

Digər bir müsahibimiz nəvəsi ilə birgə bayram tədbirində iştirak edən 64yaşlı Vidadi Məmmədov oldu: Bu gün Naxçıvanda əsl bayram yaşanır. Mən də nəvəmi buragətirmişəm. Çalışırıq ki, vaxtımızı əyləncəli keçirək. Keçəl və Kosanın oyunuuşaqların sevincini birə-beş artırır. Bu il bayram Naxçıvanıngözəlliyinə daha bir gözəllik qatır. Bir-birindən fərqli təamlar, mətbəx nümunələri göz oxşayır.Satışa çıxarılan məhsulların qiyməti də münasibdir.

Naxçıvanda “Baharfest” çərçivəsində könüllülər aktiv fəaliyyət göstərir. Festival iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ekologiya könüllüsü Pərvəri Məmmədəliyeva gördükləri işlər barədə fikirlərini bölüşdü: “Bu gözəl Novruz günlərində arzu edirəm ki, təbiətə olan sevgimiz artsın, yaşıllıqlar çoxalsın, torpağımız daim bərəkətli və abad olsun! Biz festival çərçivəsində tullantıların çeşidlənməsi və ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə işləri aparırıq. Plastik, kağız və şüşə tullantılar gətirənlərə meyvə ağaclarının tinglərini hədiyyə edirik. Bu həm təbiətə töhfədir, həm də insanlarda ekoloji mədəniyyətin formalaşmasına kömək edir. Burada olmaq mənə böyük sevinc bəxş edir. İnsanlara faydalı olmaq, ekoloji dəyərləri aşılamaq və yaşıllığın artırılmasına töhfə vermək qürurvericidir. Festivalda hər kəsin ekoloji maariflənməyə maraq göstərməsi bizi daha da həvəsləndirir. Ekoloji könüllü kimi fəaliyyətimi davam etdirmək, daha geniş miqyasda maarifləndirmə işləri aparmaq istəyirəm. Yaşıllıqların artırılması və tullantıların düzgün idarə olunması sahəsində müxtəlif layihələrdə iştirak etmək mənim üçün vacibdir”.

Öyrənirik ki,builki “Baharfest”bayramı da gələn qonaqlara xoş ab-hava bəxş edir. Zəngin adətləri ilə insanları daima sevgiyə, yoldaşlığa, paylaşmağa çağıran Novruz bayramımız mübarək, süfrələrimiz isə ruzili-bərəkətli olsun. Qoy bu bayram xalqımıza əmin-amanlıq və xoşbəxtlik gətirsin.

Bülbül QULİYEVA

Rafiq TƏHMƏZ

Nəşr edilib : 19.03.2025 12:11