NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Babək rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

...

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli həmrəylik və birlik rəmzi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti bu gün güclü və müstəqil şəkildə inkişaf edirsə, bu, Müzəffər Ali Baş Komandanın, qəhrəman şəhidlərin və fədakar qazilərin sayəsində mümkün olub.

 İcra Hakimiyyətinin başçısı bildirib ki, tarixi zəfər və bərpa olunmuş dövlət suverenliyi xalq, lider və ordu birliyinin əyani nəticəsidir. O vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və göstərdiyi diqqət sayəsində şəhid və qazi ailələrinə davamlı qayğı göstərilir, bu cür tədbirlər isə milli həmrəyliyi möhkəmləndirir.

Şəhid Ümid Novruzlunun həyat yoldaşı Gülay Novruzlu çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, bu cür tədbirlərin onların mənəvi dayağının möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Bayram tədbirində uşaqlar üçün müxtəlif əyləncə proqramları və Yeni il şənlikləri təşkil olunub. Şəhid və qazi övladları üçün yaradılan isti və doğma mühit iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

Nəşr edilib : 24.12.2025 15:49