NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın xarici siyasət strategiyasına həsr edilmiş tədbir təşkil olunub

...

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın müstəqilliyinin bərpası və xarici siyasət strategiyası” mövzusunda tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi, iqtisadi və geostrateji proseslərə təsir göstərmə gücünə malik bir ölkəyə çevrilib. Azərbaycan xarici siyasət sahəsində əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib və beynəlxalq arenada daha güclü bir mövqe tutmağı bacarıb. B.Nəbiyev söyləyib ki, Azərbaycan beynəlxalq kontekstdə xarici siyasət uğurları, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra yeni bir geosiyasi mövqe formalaşdırıb.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursundan ətraflı bəhs edib. O qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi xarici siyasət ölkəmizin dayanıqlı inkişafının və regional sabitliyin təminatçısıdır. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr həm də milli oyanışın, tərəqqinin və müstəqil dövlət quruculuğunun əsas mərhələsi kimi yadda qalıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. S.Seyidov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısı alındı. Ulu Öndərin xarici siyasətinin müdrik əsasları ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və gələcək nəsillər üçün sülh, təhlükəsizlik və tərəqqi mühitinin yaradılmasına zəmin yaratdı.

Tədbir interaktiv formada davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Nəşr edilib : 09.10.2025 12:18