NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsindəki rolu artır

...

Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları öz işini uğurla yekunlaşdırdı. Artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən iclasları da müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxımından zəngin olub. Xüsusilə iştirakçıların say tərkibinin ildən-ilə genişlənməsi, bir sıra yeni ölkələrin dövlət və hökumət nümayəndələrinin qatılması tədbirə olan beynəlxalq rəğbətdən xəbər verir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda bir araya gəlməsi ölkəmizin Avropanın enerji təminatında getdikcə artmaqda olan rolundan xəbər verir. Son illər iqtisadiyyatını getdikcə şaxələndirərək inkişaf etdirən dövlətimiz Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, həm də bərpa olunan enerji mənbələri hesabına təmin etməsi işində də təxirəsalınmaz işlər həyata keçirir.

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olduğunu həyata keçirilən əhəmiyyətli tədbirlər, imzalanan sənədlərlə sübut edib. Nazirlərin iclasında da bu, yüksək qiymətləndirilib və enerji təhlükəsizliyi sahəsində yeni yanaşmaların, mühüm məsələlərin həllində birgə səylərin vacibliyi dönə-dönə qeyd edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası da əməkdaşlığa yeni töhfə olmaqla enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı səmərəli nəticələr verməkdədir. Toplantıya qatılan iştirakçıların sayının ilbəil artması, Azərbaycanın uğurlu təşəbbüskarlığının yüksək qiymətləndirilməsi təsadüfi deyil. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması budəfəki toplantıda da xüsusi vurğulandı. Hasilatla paralel ixrac da artır, həmçinin Cənub Qaz Dəhlizinin coğrafiyası da genişlənir, məhz bu səbəbdən Prezident İlham Əliyev nəql infrastrukturuna, hətta hasilata əlavə sərmayələr qoyulmasının vacibliyini bəyan etdi: “Əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfıra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur”.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası ölkəmizin Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rolunun qiymətləndirilməsi olmaqla Azərbaycana göstərilən etimadın nəticəsidir.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 08.04.2025 12:14