NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib

...

MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masa keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, dövlət qurumlarının, beynəlxalq parlament təşkilatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ekspertlər iştirak ediblər.
Dəyirmi masanı açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev tədbirin məqsədi haqqında qısa məlumat verib. O, Prezident İlham Əliyevin uğurlu xarici siyasətində MDB üzvü olan dövlətlərlə, xüsusilə humanitar, mədəniyyət, elm, təhsil, idman, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi xəttinin aydın şəkildə izlənildiyini vurğulayıb. Ramin Rzayev Azərbaycan parlamentinin MDB ölkələrinin parlamentləri ilə dostluq münasibətlərinin qurulmasında mühüm rolunu qeyd edib.
Sonra çıxış edən Milli Məclisin deputatları demokratik vətəndaş cəmiyyətinin formalaşmasında siyasi partiyaların rolunu vurğulayıb, siyasi partiyaların bu gün Azərbaycanda demokratiyanın inkişafı və formalaşmasında mühüm tərkib hissələrindən biri olduğunu və məhz bu yolla vətəndaşların ölkədə gedən siyasi proseslərdə demokratik iştirakının təmin edilməsinə töhfə verdiklərini vurğulayıblar. Qeyd olunub ki, bütün siyasi partiyalar Vətən müharibəsində Prezident İlham Əliyevin və dövlətin siyasətinə dəstək olaraq birləşdilər və eyni mövqedən çıxış etdilər.
MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini –Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Baş katibinin müşaviri Sergey Karavayev mövzu ilə bağlı fikirlərini bildirib, siyasi partiyaların açıq dialoq apara biləcəyi belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Sonra dəyirmi masa iştirakçıları arasında səmimi və ətraflı dialoq aparılıb, dəyirmi masa materiallarının yekun sənədində öz əksini tapacaq tövsiyələr və şərhlər verilib.

Nəşr edilib : 31.10.2024 20:09