NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan və Vyetnam cinayət işləri üzrə qarşılıqlı yardım haqqında layihə hazırlayıb

...

Vyetnam Sosialist Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə" layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda səfərdə olanda Vyetnamın Baş prokuroru Nquyen Tiyen Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Baş prokuror Kamran Əliyevlə vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Nəşr edilib : 08.06.2026 15:47