NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub

...

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd olunub. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolu var. Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırkı səviyyəsindən razılıq ifadə olunub.

Tərəflər, eyni zamanda, parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Belarus parlament nümayəndə heyətinin geniş tərkibdə müşahidələr apardığını bildirib və qarşı tərəfə minnətdarlığını ifadə edib. O, bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra keçirilən ilk parlament seçkiləri olduğunu diqqətə çatdırıb.

Natalya Koçanova Azərbaycanın sədrliyi ilə Bakıda COP29 kimi qlobal tədbirin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Belarus prezidentlərinin COP29 çərçivəsində təşkil olunan tədbirlər zamanı çıxışlarını xatırladıb. Qeyd edib ki, dövlətlərimizin başçıları həm tədbirin əhəmiyyəti, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan vəziyyət barədə geniş və obyektiv fikirlərini səsləndiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 21.11.2024 17:07