NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər

...

Avqustun 10-da Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı, xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub.
Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, təhlükəsizliyin və rifahın təşviqinə xidmət edən məsələlər üzrə sıx qarşılıqlı əlaqələrin davam etdirilməsinə və məsləhətləşmələrin aparılmasına hazır olduqlarını təsdiqləyiblər.

Nəşr edilib : 11.08.2026 18:51