NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Azərbaycan tarixinin əbədiyyət zirvəsi və bu zirvədən güc alan Naxçıvan

...

Damarında azərbaycanlı qanı axan hər bir kəs qorumağa, yaşatmağa çalışır özünəməxsusluğu, fundamentallığı ilə dünyada qibtə olunan, tanınan, sevilən, seçilən, nüfuz qazanan, dosta sevinc, düşmənə gözdağı verən bu möhtəşəm, sanballı abidəni. Dahilər dahisi, siyasət sərrafı, fenomen şəxsiyyət Heydər Əliyevin gecəsini-gündüzünə qataraq müxtəlif təzyiqlərə, təqiblərə, həyati təhlükələrə əzmi, iradəsi sayəsində sinə gərməklə, maneələri, fitnəkarlıqları dəf etməklə min bir zəhmətlə, yüksək və incə zövqlə kərpic-kərpic qurub-yaratdığı “Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı şah abidənin hər naxışı uzaqgörən müəllifin zamanı qabaqlayan, onilliklərə hesablanmış bir qətiyyətli addımından, saleh əməlindən, mübarək amalından danışır. Açılan sabah, doğan Günəş özü ilə bərabər yurda uğurlar, nailiyyətlər gətirib xalqın yolunu aydınlatdıqca abidənin artan məğrurluğu, bu torpaqda doğulmaq, yaşamaq fəxarəti köksləri qürurla ehtizaza gətirir, dahi memara sonsuz minnətdarlıq hissi ilə dillərdə Ulu Öndərin mübarək kəlamı səslənir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Naxçıvanın inkişafında dönüş nöqtəsi – 1969-1982-ci illər

“Müasir, müstəqil, qüdrətli Azərbaycan” adlı şah abidənin yaradılışında Naxçıvanın rolu, muxtar respublikanın əhəmiyyəti xüsusi diqqətə, rəğbətə layiq mövqedədir. Bəli, dahi şəxsiyyətin Naxçıvanda dünyaya göz açması, burada ilk təhsilini alması onun Azərbaycanı azad dövlət olaraq formalaşdırmaq, xalqımızı müstəqillik yoluna çıxartmaq kimi tarixi missiyasına məhz buradan başlamasının başlıca amilidir. Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyindəki nadir eskponatlardan, şəkil və rəsmi sənədlərdən məlum olur ki, Ulu Öndər muxtar respublikada mükəmməl orta təhsil alıb, əsasən də, teatra, rəssamlığa, memarlığa, ümumilikdə, incəsənətə böyük maraq göstərib. Ancaq tale elə gətirib ki, O xalqının işıqlı gələcəyinin təmini missiyasını uğurla yerinə yetirən görkəmli dövlət xadimi kimi Azərbaycan tarixində əvəzolunmaz səhifələr yazıb. Ümummilli Lider 1994-cü ildə “Azerbaijan International” jurnalına müsahibəsində də gənc yaşlarından yaradıcılığa önəm verdiyini və Naxçıvanın onun həyatında böyük təsiri olduğunu deyib: “Naxçıvanın mənim həyatıma böyük təsiri olmuşdur. Mən bütün gəncliyimi orada keçirdim. Orta məktəbi orada bitirdim. Mənim çox yaxşı müəllimlərim var idi. Ciddi müəllimlər idilər. Naxçıvanda çox yaxşı təhsil aldım. Mən orada teatra çox gedərdim – Naxçıvanda əla teatr vardı”.

Ümumiyyətlə, Ümummilli Liderimiz Heydər Əliyevin həyatının bütün mərhələləri Naxçıvanla bağlıdır, dahi şəxsiyyət daim muxtar respublikanın inkişafını, gələcəyini düşünüb, buna müvafiq addımlar atıb. Azərbaycana birinci rəhbərliyi dövründə, 1969-1982-ci illərdə qədim diyarın sosial-iqtisadi, mədəniyyət, elm, təhsil və digər sahələrinin dirçəldilməsi üçün çox mühüm qərarlar qəbul edib. Naxçıvanda ali, orta, eləcə də musiqi təhsilinin formalaşdırılması, elmi institutların yaradılması da dahi şəxsiyyətin adı ilə bağlıdır. Həmçinin məlum olduğu kimi ötən əsrin 50-60-cı illərində qonşu respublikaların iqtisadiyyatında sənayeləşmə siyasəti vüsətlənmişdi. Lakin 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə Qərarı mühüm rol oynamışdır. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib. Qısa zamanda reallaşdırılan işlərin nəticəsidir ki, 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Ölkə başçısı cənab İlham Əliyev də Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi dövründə Naxçıvana xüsusi qayğı ilə yanaşdığını, onu böyük inkişaf yoluna çıxartdığını vurğulayıb: “Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Çıraq işartısından aydın sabahlara

1990-cı il iyulun 22-də doğma Vətəni – canı qədər sevdiyi Naxçıvan Ümummilli Liderinə qucaq açdı, bağrına basdı naxçıvanlılar öz Xilaskarını. Qısa zamanda bu qədim diyar milli azadlıq hərəkatının mərkəzinə çevrildi, ölkəmizin müstəqilliyə doğru böyük dönüş yoluna məhz buradan qədəm qoyuldu. Ulu Öndər minlərlə naxçıvanlının coşqusu, sevgisi, məhəbbəti ilə 1991-ci il 3 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi, yuxusuz gecələrdə, çıraq işartısında qəbul etdiyi və dövlətçiliyin hüquqi bazasını təşkil edən mühüm tarixi qərarlar xalqımızı gün işığına, aydın sabahlara çıxardı. Belə ki, dahi şəxsiyyət Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsinə və digər mütərəqqi addımların atılmasına nail oldu. Siyasi sabitliyə xidmət edən, ölkəmizi inamlı, etibarlı gələcəyə daşıyan, dünyada qüdrətli söz, mövqe, nüfuz sahibi edən, vahid siyasi platformaya çevrilən Yeni Azərbaycan Partiyasını təsis etdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordu hissələri bu ərazidən çıxarıldı. Ulu Öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul olundu. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əksini tapdı. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar da məhz dahi şəxsiyyəti yetişdirən torpaqda qəbul olundu. Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Ümummilli Liderimiz Heydər Əliyevin doğma yurdu qarşısında tarixi xidmətlərindən ən mühümü, sözsüz ki, onun muxtariyyətini qoruyub saxlamaq və işğaldan qurtarmaq idi. Uzaqgörən siyasətçi bu məqsədlə 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyədə səfərdə oldu və səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. Qısa zamanda Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də arzuların, ümidlərin çiçək açdığı həmin körpü istifadəyə verildi. Beləliklə də vaxilə iki qardaşı ayrı salan, həsrət yanğısı ilə əsib-coşan Araz çayı həmin qardaşların vüsalına, birliyinə də vəsilə oldu.

İnsanların maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi. Beləliklə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi müstəqilliyinə aparan yolun təməl daşlarının atıldığı mübarək türk torpağı Naxçıvanda həm də iki qardaş – Türkiyə və Azərbaycanın əlaqələrində yeni mərhələnin körpüsü salındı...

Qazsız, işıqsız məmləkətdən tərəqqi diyarına, “yaşıl enerji” zonasına

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi yola sonsuz sədaqət göstərən Prezident cənab İlham Əliyev ölkəmizin bütün bölgələri ilə yanaşı, Naxçıvanın da sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. Muxtar respublika son illərdə böyük inkişaf, tərəqqi yoluna qədəm qoyub, paytaxt Naxçıvan şəhərindən ta ki ucqar dağ kəndinədək müasir təhsil, mədəniyyət, səhiyyə infrastrukturu yaradılıb, ərazinin yüz faizi elektrik və qazla təchiz edilib. Qürurverici haldır ki, ölkəmizin müstəqilliyə qovuşmasında əhəmiyyətli yer tutan Naxçıvan Azərbaycanın haqq savaşına çıxdığı 44 günlük Vətən müharibəsində də mühüm rol oynadı, muxtar respublikadan olan əsgər və zabitlər torpaqlarımızın azadlığının təminində böyük şücaət və qəhrəmanlıq göstərdilər...

2022-ci ilin sonlarından Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunda aparılan islahatlardan sonra qədim diyar müasir yüksəlişinin yeni mərhələsinə qədəm qoyub, idarəçiliyinin bütün sahələrində şəffaflaşma prosesi aparılıb, ölkə sisteminə inteqrasiya uğurla reallaşdırılıb. Dövlət başçısı 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq Naxçıvanın tərəqqisi naminə yeni yol xəritəsini müəyyənləşdirib. Dövlət Proqramının icrası ilə yaxın gələcəkdə Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi, burada fəaliyyət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq edilməsi əsas məqsədlərdəndir...

Dövlət başçısının 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında həyata keçirilən müxtəlif layihələr və tədbirlər Naxçıvanın zəngin mədəni irsinin və müasir nailiyyətlərinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır. Eyni zamanda hazırda Naxçıvanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, diversifikasiyası məqsədilə mühüm layihələr reallaşdırılmaqdadır. Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanla yaradılacaq Naxçıvan Sənaye Parkı gələcəkdə müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı üçün unikal imkanlar açacaq. Bu sənaye parkı, sahibkarlara səmərəli fəaliyyət üçün zəruri infrastrukturu təmin edərək Naxçıvanın iqtisadi inkişafına töhfə verəcək, məhsulların xaricə ixracını stimullaşdıracaq.

Ölkə Prezidentinin “Naxçıvanla da bağlı böyük planlar var” ideyası üzərində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan etməsi muxtar respublikanın potensial imkanlarından maksimum yararlanmaqla sosial-iqtisadi inkişafı üçün qarşıda mühüm vəzifələr qoyub. Burada Günəş və külək elektrik stansiyalarının inşası istiqamətində böyük layihələrin icrası planlaşdırılıb. Eyni zamanda 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli qoyulan İğdır-Naxçıvan Qaz Boru Xəttinin də tikintisi uğurla başa çatıb, kəmərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Göründüyü kimi, vaxtilə işıqsız, qazsız yoxsul məmləkəti xatırladan Naxçıvan bu gün “yaşıl enerji” istehsalı, ixrac potensialına malik tərəqqi diyarına çevrilib...

Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları işığında qədim diyarın müasirləşməsi, muxtar respublikanın inkişafı gün ötdükcə daha da bariz, nümunəvi hal alır. Qədirbilən naxçıvanlılar Ulu Öndərlə birgə keçirdikləri ən çətin anları, günləri unutmur, dahi şəxsiyyətin yoluna sədaqətlə əziz xatirəsini, dəyərli fikirlərini daim hörmət və ehtiramla xatırlayırlar: “Mənim həyatımın müxtəlif səhifələri var. Çox şanlı-şöhrətli, eyni zamanda çox  əzab-əziyyətli. Onların hər biri mənim üçün əzizdir.  Ancaq 90-93-cü ildə sizinlə bərabər blokada şəraitində ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt umutmayacağam”.

Nail ƏSGƏROV

Nəşr edilib : 12.12.2024 07:35