NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

...

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonda tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı F.Rzayev həmçinin digər işgüzar görüşlər də keçirib.

Nəşr edilib : 26.04.2025 11:11