Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
2026-cı il oktyabrın 15-də Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı keçirilib. Bu toplantı təşkilata üzv ölkələrə iqtisadi əməkdaşlığın çoxistiqamətli perspektivlərini müzakirə etmək, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və ortaq layihələrlə bağlı təkliflərini irəli sürmək imkanı yaradıb. Azərbaycanın sədrliyi ilə keçirilən Zirvə Toplantısı mahiyyətinə, əhatə dairəsinə və statusuna görə Asiya ölkələri arasında siyasi dialoqun inkişafı ilə yanaşı, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Ölkəmiz 2024-2026-cı illərdə AQEM-ə sədrliyi dövründə qeyd olunan istiqamətlər üzrə səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına, xüsusilə beynəlxalq iqtisadi münasibətlərin inkişafına yönəlmiş təşəbbüslərin təşviqinə töhfə verib. Bakı Zirvə Toplantısında Azərbaycanın sədrliyinin daha iki il uzadılmasının dəstəklənməsi ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinə göstərilən etimadın ifadəsidir. Bu qərar qarşıdakı dövrdə təhlükəsizlik, nəqliyyat bağlantıları və birgə layihələrin reallaşdırılması istiqamətlərində əməkdaşlığın davam etdirilməsi üçün yeni imkanlar yaradır.
Geridə qalan müddətdə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, təhlükəsizlik imkanlarının şaxələndirilməsi və dayanıqlı iqtisadi münasibətlər üçün mövcud resurslardan səmərəli istifadə olunması baxımından əhəmiyyət kəsb edib.
Həmin müddətdə Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən, sosial dayanıqlılığını artıran və davamlı islahatlar həyata keçirən qüdrətli dövlət kimi öz inkişaf modelini təqdim edib. Bu təcrübə milli iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhz bu baxımdan qarşıdakı iki il ərzində ölkəmizin qarşılıqlı etimadı, təhlükəsizliyi və dayanıqlı əməkdaşlığı gücləndirən təşəbbüslərlə çıxış etməsi üçün əlverişli imkanlar mövcuddur.
Konkret olaraq qeyd etmək olar ki, AQEM-in əsas məqsədləri Asiyada etimadın möhkəmləndirilməsi, təhlükəsizliyin təşviqi və dövlətlər arasında qarşılıqlı əməkdaşlıq üçün ortaq platformanın formalaşdırılmasıdır. Üzv ölkələrin dayanıqlı iqtisadi inkişaf, təhlükəsizlik və beynəlxalq iqtisadi sistemə inteqrasiya sahəsindəki hədəfləri bu əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Təşkilat iqtisadi inteqrasiyanı yalnız vahid bazar və ya gömrük ittifaqı yaratmaqla deyil, dövlətlər arasında dialoqu, birgə təşəbbüsləri və qarşılıqlı faydalı layihələri inkişaf etdirməklə dəstəkləyir.
Qeyd etmək olar ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında AQEM-in 28 üzv dövlətinin olması görünür. Bakı şəhərində reallaşmış olan Zirvə Toplantısında Müzəffər Ali Baş Komandanımız tərəfindən gündəlikdə olan məsələlər içərisində Laosun üzvlüyə qəbul olunması barədə qərarın elan olunduğuna görə, Zirvə Görüşündən sonra üzvlərin sayı 29 olmuşdur.
Azərbaycanın AQEM çərçivəsindəki rolunu müəyyənləşdirən amillərdən biri də üzv dövlətlərlə mövcud iqtisadi və siyasi əlaqələridir. Təşkilatda Türkiyə, Çin, Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Şri-Lanka və digər ölkələrin təmsil olunması müxtəlif iqtisadi potensialların və əməkdaşlıq imkanlarının bir araya gəlməsinə şərait yaradır. Bu ölkələrin bir qismi Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya ilə əlaqələr, enerji layihələri və beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycanla əməkdaşlıq edir.
Xüsusilə Orta Dəhliz boyunca yerləşən ölkələrin iqtisadi maraqları, Çindən Avropaya uzanan nəqliyyat əlaqələri və Azərbaycanın qlobal enerji layihələrindəki iştirakı AQEM çərçivəsində əməkdaşlığın əhəmiyyətini artırır. Bununla yanaşı, süni intellekt, rəqəmsal iqtisadiyyat və ağıllı idarəetmə kimi yeni iqtisadi prioritetlər üzrə təcrübə mübadiləsi üçün də imkanlar mövcuddur.
Üzv dövlətlərin təbii ehtiyatları, istehsal potensialı, texnologiyaları, maliyyə imkanları, əmək bazarları və coğrafi mövqeləri bir-birindən fərqlənir. Məhz bu müxtəliflik qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və beynəlxalq iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli zəmin yaradır.
Bəhs olunan perspektivləri, ilk növbədə, nəqliyyat, logistika və tranzit dəhlizlərinin yaratdığı imkanlarda görmək mümkündür. Dəmir yollarının, avtomobil yollarının, limanların, logistika mərkəzlərinin və multimodal daşımaların inkişafı iqtisadi əlaqələrin səmərəliliyini artıran əsas amillərdəndir. Bu istiqamətdə etibarlı infrastrukturun yaradılması, resurslardan birgə istifadənin genişləndirilməsi və zəruri əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Orta Dəhlizin imkanları, Xəzər dənizi üzərindən yükdaşımalar və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu imkanlardan səmərəli istifadə üçün gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal tranzit sənədlərinin tətbiqi və nəqliyyat əməliyyatlarının əlaqələndirilməsi də vacibdir.
Yaranmış əməkdaşlıq mühiti xarici ticarətin şaxələndirilməsi və sənaye kooperasiyasının inkişafı üçün də perspektivlər açır. Üzv ölkələr arasında qeyri-neft məhsullarının, sənaye avadanlıqlarının, kimya məhsullarının, kənd təsərrüfatı və istehlak mallarının ticarətini genişləndirmək mümkündür. Birgə istehsal müəssisələrinin yaradılması, sənaye parklarının inkişafı, ixracyönümlü istehsalın təşviqi və regional təchizat zəncirlərinin formalaşdırılması əməkdaşlığın praktiki nəticələrini artıra bilər.
Yeni iqtisadi prioritetlər sırasında enerji və "yaşıl iqtisadiyyat" məsələləri də mühüm yer tutur. İqtisadi diversifikasiyanın gücləndirilməsi, neft və təbii qaz tədarükü, elektrik enerjisi bağlantıları, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması üzv ölkələr arasında yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan, Qazaxıstan, Çin, Hindistan və digər dövlətlərin enerji sahəsində fərqli potensialı qarşılıqlı layihələrin hazırlanması və həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdıra bilər.
İqtisadi inkişafın müasir mərhələsində investisiyaların idarə olunması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur, sənaye, logistika, turizm, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat layihələrinə investisiyaların cəlb edilməsi, birgə maliyyələşdirmə mexanizmlərinin yaradılması və kiçik və orta sahibkarlığın dəstəklənməsi iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edə bilər.
İqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi uzunmüddətli inkişaf perspektivlərinin reallaşdırılmasına da kömək edir. Bu baxımdan, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması AQEM çərçivəsində əməkdaşlığın vacib istiqamətlərindəndir. Aqrar texnologiyaların tətbiqi, suvarma sistemlərinin təkmilləşdirilməsi, toxumçuluğun inkişafı, məhsulların saxlanması və emalı, eləcə də logistika imkanlarının genişləndirilməsi kənd təsərrüfatının məhsuldarlığını artıra bilər. Ərzaq tədarükünün şaxələndirilməsi və aqrar məhsulların ixrac bazarlarına çıxışının asanlaşdırılması da iqtisadi dayanıqlılığın gücləndirilməsinə xidmət edir.
Turizm, təhsil və insan kapitalının inkişafı digər mühüm əməkdaşlıq istiqamətləridir. Turizm marşrutlarının yaradılması, hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi, tələbə və tədqiqatçı mübadiləsi, peşə hazırlığı və idarəetmə sahəsində təcrübə mübadiləsi ölkələr arasında iqtisadi və humanitar əlaqələri gücləndirə bilər. İnsan kapitalına investisiya uzunmüddətli məhsuldarlığın və innovasiya potensialının artırılması üçün mühüm şərtdir.
Beləliklə, AQEM çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün bir sıra perspektivlər yaradır. Nəqliyyat və bağlantıların inkişafı, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi ölkəmizin iqtisadi imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət edə bilər.
Bu imkanları bir neçə əsas istiqamətdə ümumiləşdirmək mümkündür. İlk növbədə, Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi və liman-dəmir yolu infrastrukturundan səmərəli istifadə tranzit gəlirlərinin artırılmasına şərait yarada bilər. Qeyri-neft məhsullarının yeni bazarlara çıxarılması və yerli istehsalçıların regional təchizat zəncirlərinə qoşulması ixracın şaxələndirilməsini sürətləndirə bilər. Sənaye, logistika, "yaşıl enerji" və rəqəmsal infrastruktur layihələrinə investisiyaların cəlb olunması, Asiya ölkələrindən turist axınının artırılması və qabaqcıl texnologiyaların müxtəlif iqtisadi sahələrdə tətbiqi də mühüm perspektivlər sırasındadır.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlər AQEM çərçivəsində yaranan imkanlardan daha səmərəli istifadə üçün zəmin yaradır. Bu proses ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı baxımından da yeni perspektivlər vəd edir.
Naxçıvan üçün ilk növbədə, logistika və tranzit sahəsində uzunmüddətli imkanlar yarana bilər. Türkiyə ilə və regionun digər bazarları ilə nəqliyyat əlaqələrinin şaxələndirilməsi yükdaşıma xidmətlərinin, logistika infrastrukturunun və ticarət əlaqələrinin inkişafına şərait yaradar. Bununla yanaşı, mövcud coğrafi üstünlüklərdən istifadə etməklə Naxçıvanın regional iqtisadi əlaqələrdə iştirakının genişləndirilməsi mümkündür.
Digər mühüm istiqamət azad iqtisadi zona yaradılması təşəbbüsü və sənaye kooperasiyasının inkişafıdır. Bu çərçivədə investisiyaların cəlb olunması, ixracyönümlü istehsalın təşkili, anbar təsərrüfatının və emal müəssisələrinin yaradılması imkanlarının araşdırılması məqsədəuyğundur. Təşəbbüsün səmərəli reallaşdırılması üçün onun hüquqi və iqtisadi əsaslarının, infrastruktur ehtiyaclarının və investisiya mexanizmlərinin müəyyənləşdirilməsi vacibdir.
Kənd təsərrüfatı və emal sənayesi də Naxçıvanın iqtisadi potensialının gücləndirilməsində mühüm yer tutur. Aqrar istehsalın məhsuldarlığının artırılması, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və saxlanması, eləcə də regional bazarlara ixrac imkanlarının genişləndirilməsi yerli istehsalın rəqabət qabiliyyətini yüksəldə bilər. Bu sahədə yeni texnologiyaların tətbiqi və əməkdaşlıq imkanlarının şaxələndirilməsi əlavə iqtisadi dəyərin yaradılmasına kömək edir.
Naxçıvan üçün perspektivli istiqamətlərdən biri də "yaşıl enerji"yə keçidin sürətləndirilməsidir. Günəş enerjisi layihələrinin inkişafı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətlidir. Tarixi-mədəni turizmin və regional turizm marşrutlarının inkişafı üzrə təcrübə mübadiləsi də muxtar respublikanın iqtisadi imkanlarının genişləndirilməsinə töhfə verə bilər.
Beləliklə, Azərbaycan Respublikasının AQEM-ə sədrliyi həm ötən dövrdə həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, həm də qarşıdakı illər üçün yeni əməkdaşlıq layihələrinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəqliyyat, ticarət, enerji, investisiya və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi üzv dövlətlərin milli iqtisadiyyatlarının inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına töhfə verə bilər. Naxçıvan Muxtar Respublikası üçün isə bu imkanların reallaşdırılması mövcud üstünlüklərdən məqsədyönlü istifadə, investisiya mühitinin yaxşılaşdırılması və rəqabətqabiliyyətli istehsal sahələrinin inkişafı ilə bağlıdır.
Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru
Digər xəbərlər