Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusi ehtiram və diqqətlə qeyd olunur. Bu gün yalnız bayram deyil, həm də qadınların cəmiyyət həyatında oynadığı böyük rolun, onların zəhmətinin və fədakarlığının qiymətləndirildiyi bir gündür.
Tarixboyu qəhrəmanlıq və liderlik nümunəsi
Azərbaycan tarixində qadınların rolu hər zaman böyük olmuşdur. Tarixin müxtəlif mərhələlərində qadınlarımız dövlətçilik, siyasət və Vətənin müdafiəsi kimi mühüm sahələrdə öz sözlərini demişlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların igidliyi və mübarizliyi xüsusi vurğulanır. Tariximizdə Möminə xatun, Sara xatun, Tomris, Nüşabə, Nigar, Həcər, Tutu Bikə kimi qadın şəxsiyyətlər dövlətçilik və qəhrəmanlıq ənənələrinin parlaq nümunələridir. Bu qadınlar yalnız öz dövrlərinin deyil, bütövlükdə, Azərbaycan tarixinin simvoluna çevrilmişlər.
Şərqdə ilk dəfə qadınlara seçki hüququ
Azərbaycan qadınlarının tarixində mühüm mərhələlərdən biri Azərbaycan Xalq Cümhuriyyəti dövrü olmuşdur. 1918-ci ildə yaradılmış cümhuriyyət Şərqdə ilk demokratik respublika kimi qadınlara seçib-seçilmək hüququ vermişdir. Bu, qadınların ictimai-siyasi həyatda fəal iştirakının əsasını qoymuş və Azərbaycan qadınının müasir cəmiyyət quruculuğunda rolunu daha da gücləndirmişdir.
Milli dəyərlərin qoruyucuları
Azərbaycan qadınları tarixboyu yalnız ictimai həyatda deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynamışdır. Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunub saxlanması, ailə dəyərlərinin yaşadılması, gənc nəslin tərbiyəsi məhz qadınların üzərinə düşən ən böyük məsuliyyətlərdən biri olmuşdur. Müasir Azərbaycan qadını da öz zəngin mənəvi dünyası, zəkası və yüksək potensialı ilə cəmiyyətin inkişafına töhfə verməkdə davam edir.
Dövlət qadın siyasətinin əsasları
Azərbaycanda qadın siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların dövlət və cəmiyyət həyatında fəal iştirakını hər zaman dəstəkləmiş, onların liderlik keyfiyyətlərinin inkişafı üçün geniş imkanlar yaratmışdır. 1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə dövlət qadın siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Həmin vaxtdan etibarən qadınların qurultayları mütəmadi olaraq keçirilir və bu tədbirlər qadınların ictimai-siyasi həyatdakı rolunun gücləndirilməsinə xidmət edir.
Hüquqi təminatlar və gender bərabərliyi
Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların hüquq bərabərliyini təmin edir. 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun, 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qadın hüquqlarının qorunması istiqamətində mühüm addımlar olmuşdur. Eyni zamanda ölkəmiz Pekin Bəyannaməsi və Fəaliyyət Platforması kimi beynəlxalq sənədlərə qoşularaq qadın hüquqlarının müdafiəsi sahəsində mühüm öhdəliklər götürmüşdür.
Müasir mərhələdə dövlət siyasəti
Bu gün Azərbaycanda qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının siyasətində qadın hüquqlarının qorunması, onların ictimai-siyasi və iqtisadi həyatda fəallığının artırılması mühüm istiqamətlərdən biridir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunu beynəlxalq səviyyədə yüksəldir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar və mədəni diplomatiya sahəsində mühüm layihələr həyata keçirir və Azərbaycanın dünyada tanıdılmasına böyük töhfələr verir.
Qadınların cəmiyyətdə artan rolu
Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal şəkildə təmsil olunur. Statistik məlumatlara görə, ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. İşçi qüvvəsində qadınların payı 48 faizdən çoxdur və sahibkarlıq fəaliyyətində qadınların sayı ildən-ilə artır. Eyni zamanda Milli Məclisdə qadın deputatların sayı da artmaqdadır ki, bu da qadınların dövlət idarəçiliyində rolunun gücləndiyini göstərir.
Güclü cəmiyyətin zərif simaları
Son illər qadınların liderlik və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş layihələr də həyata keçirilir. “Güclü cəmiyyətin zərif simaları” layihəsi bu istiqamətdə mühüm təşəbbüslərdən biridir. Layihə regionlarda yaşayan qadın və gənc qızların ictimai fəallığının artırılmasına, onların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək göstərir.
Azərbaycan qadını tarixboyu mübarizliyi, zəhmətkeşliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Bu gün də Azərbaycan qadınları dövlət quruculuğunda, cəmiyyətin inkişafında və milli dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Onların fəaliyyəti göstərir ki, güclü cəmiyyətin formalaşmasında qadınların rolu əvəzsizdir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq.
Xəzəngül Orucova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər