NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan-Özbəkistan Media Forumunun birinci sessiyasında dezinformasiya ilə mübarizə üzrə beynəlxalq təcrübələr müzakirə olunub

...

Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” adlı Azərbaycan-Özbəkistan Media Forumunun birinci sessiyasında “Dezinformasiya ilə mübarizədə beynəlxalq təcrübələr” mövzusu ətrafında müzakirələr aparılıb.

Sessiyaya Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi direktorunun birinci müavini Dilşod Səidcanov moderatorluq edib.

Beynəlxalq Münasibətlər üzrə İnformasiya və Analitik Araşdırmalar Mərkəzinin direktoru Sancar Vəliyev çıxışında bildirib ki, Özbəkistan və Azərbaycan beynəlxalq sistemin sabitliyində və davamlılığında eyni dərəcədə maraqlıdır. “Ölkələrimiz müxtəlif regional təşkilatlarda fəal rol oynayır və ümumi gündəliyin həllinə mühüm töhfə verir. Media üçün mühüm olan məsələ də məhz bundan ibarətdir. Problemləri həll etmək üçün, ilk növbədə, informasiya departamentlərinin və informasiya agentliklərinin mətbuat xidmətlərinin sistemli daxili səyləri tələb olunur”, - deyə Sancar Vəliyev qeyd edib.

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin gedişində çoxsaylı feyk məlumatlarla üzləşib. Amma təkcə cəbhədə deyil, informasiya meydanında da uğurlu mübarizə aparılıb.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi nəzdində Kütləvi Kommunikasiyalar Mərkəzinin rəhbəri Əkbər Rizayev mərkəzin fəaliyyətindən danışıb. O deyib ki, media sosial şəbəkələr vasitəsilə etibarlı məlumatların yayılmasında daha məsuliyyətli olmalıdır.

Azərbaycanın “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov bildirib ki, dezinformasiyanın miqyası okean kimidir və ona qarşı mübarizə aparmaq çox çətindir. Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu da forum iştirakçılarının diqqətinə çatdırıb.

 

 

Nəşr edilib : 24.09.2024 15:09