NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan-Özbəkistan əlaqələrinin Böyük Qayıdışa yeni töhfəsi

...

Tarixi ənənələrin bərpasına, qeyri-neft sektorunun inkişafına xidmət – 

Xankəndi tikiş fabriki

Azərbaycanın yaxın coğrafiyada yerləşən türkdilli ölkələrlə mövcud zəngin tarixi ənənələri, dərin mədəni bağları həmin dövlətlərlə siyasi müstəvidə, iqtisadiyyatın müxtəlif sahələrində daha uğurlu əlaqələr qurmasını şərtləndirir. Bu baxımdan cari il avqustun 22-də müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan münasibətlərini Azərbaycan-Türkiyə qardaşlığından sonra dünyada qibtə olunacaq növbəti nümunəvi, etibarlı dostluq, tərəfdaşlıq əlaqəsi kimi dəyərləndirmək olar. Ölkələrarası yaxınlıq Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər platformalar vasitəsilə özünü bariz şəkildə göstərir. Bakıda Özbəkistan, Özbəkistanda isə Azərbaycan Ticarət evlərinin, ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində həyata keçirilən layihələr birgə əməkdaşlığın geniş perspektivlərindən xəbər verir. Dünyanın 196 ölkəsindən yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin bir araya gəldiyi COP29 çərçivəsində aparılan dialoqlar, imzalanan sənədlər, məxsusən də, Xankəndi şəhərində tikiş fabrikinin açılış mərasiminin keçirilməsi ikitərəfli əlaqələrin möhkəmliyinin göstəricisi kimi birgə fəaliyyətə dair yeni üfüqlər açdı...

Regionda onilliklər boyu cərəyan edən tarixi-siyasi hadisələr belə deməyə əsas verir ki, qardaş ölkə Türkiyəylə əlaqələrimizdə olduğu kimi, bu qədim türk kökənli dövlətlə də münasibətlərimizdə “Dost dar gündə tanınar” tandemi öz sözünü deyir. Belə ki, Özbəkistanın 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmaması, bu illər ərzində Ermənistanda səfirliyini açmaması, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verməməsi Azərbaycana olan dost sevgisinin, qardaş hörmətinin əlaməti kimi çox dəyərlidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının bölgəyə yerləşdirilməsi ilə bağlı çağırış edəndə ilk etiraz edən dövlətlərdən biri olan Özbəkistan müharibədən sonra Azərbaycanın azad olunan torpaqlarda apardığı quruculuq strategiyasına da töhfələr verir. Ötən il avqustun 23-də açılışı olan, Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəbin tikilməsi ölkəmizin Böyük Qayıdış siyasətinə dəstəyin göstəricisidir. Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü çərçivəsində videobağlantı vasitəsilə açılış mərasimi keçirilən Xankəndidəki tikiş fabriki də növbəti qardaşlıq dəstəyi olmaqla, bölgədə məşğulluğun artırılmasında, Qarabağın inkişafında vacib əhəmiyyət daşıyır. Dövlətimizin başçısı açılış mərasimində çıxışı zamanı münasibətlərin inkişafından məmnunluğunu dilə gətirdi, yeni istifadəyə verilən fabriki iki ölkə arasında birliyin növbəti rəmzi kimi dəyərləndirdi. Sitat: “Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır”...

Azərbaycanın qədim şəhərində yeni tikiş fabrikinin istifadəyə verilməsinin mahiyyəti dərin, perspektivi böyükdür. Ən əvvəl bu addım vaxtilə Azərbaycanın sənaye və mədəniyyət mərkəzi kimi tanınan, ölkə iqtisadiyyatına töhfələr verən Xankəndidə tarixi ənənələrin bərpasına xidmət edir. Ölkəmizin ictimasi-siyasi, sosial-iqtisadi həyatında mühüm mərhələ sayılan ötən əsrin 70-80-ci illərinin mənzərəsinə nəzər yetirdikdə görürük ki, regionda istehsal gücünə, məhsul keyfiyyətinə görə seçilən bir sıra sənaye müəssisələri məhz Qarabağın bu dilbər bölgəsində fəaliyyət göstərib. Bu sırada ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodunu nümunə gətirmək olar. Həmin müəssisələr Xankəndinin iqtisadi inkişafında müstəsna rola malik olmaqla yanaşı, həm də Cənubi Qafqaz regionunun sənaye potensialının gücləndirilməsi baxımından da xüsusi seçilirdi. Təəssüf ki, 1987-1988-ci illərdən etibarən Qarabağın digər əraziləri kimi, bu tarixi yurd yerimiz də erməni vandalizminə məruz qaldı, əzəli torpağımızın bütün maddi-mədəni sərvətləri talan edildi, infrastruktur dağıdıldı, müəssisələr viran qoyuldu... Və 36 ildən sonra qardaşlıq rəmzi sayılan yeni tikiş fabrikinin istifadəyə verilməsi isə həm tarixi ənənələrin bərpasına, bölgəyə qayıdan sakinlərin, xüsusilə də qadınların məşğulluğunun artırılmasına xidmət edəcək, həm də ölkələrarası birgə əməkdaşlığın yeni mərhələdə inkişafına töhfə verəcək. Ümumi investisiya dəyəri 11 milyon manat təşkil edən fabrik həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Müəssisədə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal olunacaq. Ümumilikdə, burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin edilib.

COP29 çərçivəsində Xankəndidə tikiş fabrikinin açılışı ilə qeyri-neft sektorunun inkişafına verdiyi önəmi bir daha ortaya qoyan Azərbaycanın bu addımı həm də uğurla sədrlik etdiyi beynəlxalq konfransa kölgə salmağa çalışanlara növbəti effektiv siyasi mesaj təsiri də bağışlayır. Ümumiyyətlə, ölkəmizdə son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bununla da dövlət siyasətinin əsas məqsədi sayılan neftdən asılılıq artıq tamamilə aradan qaldırılmaq üzrədir. Ötən ilin makro iqtisadi göstəriciləri də bu sahədə əhəmiyyətli irəliləyişdən xəbər verir. Belə ki, 2023-cü ildə ölkədə 123,0 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in 63,1 faizi qeyri neft-qaz sektorunun payına düşüb. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə 92,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. ÜDM-nin 66,1 faizi qeyri-neft-qaz sektorunu əhatə edib. Beləliklə, qeyri-neft sektorunun gəlir baxımından neft sektorunu üstələməsi və artım tempi ölkəmizin apardığı sənayeləşmənin, aqraryönümlü siyasətin uğurlu nəticələrə yol açdığını göstərir. Əminliklə demək olar ki, Azərbaycanla Özbəkistan arasında uğurlu birgə fəaliyyətin, əməkdaşlığın rəmzi sayılan Xankəndidəki tikiş fabriki Qarabağda yüngül sənayenin inkişafı üçün yeni imkanlar açmaqla, bölgənin investisiya cəlbediciliyini artıraraq qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verəcək...

Ümumilikdə, onu deyə bilərik ki, Xankəndidə tikiş fabrikinin fəaliyyətə başlaması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına təkan verməklə bölgənin həm gələcək demoqrafik vəziyyətinə, həm də sosial-iqtisadi mənzərəsinə müsbət təsir göstərəcək. Əminik ki, COP29 çərçivəsində atılan bu addım xarici sərmayədarların ölkəmizə, xüsusilə də işğaldan azad olunan torpaqlara marağını daha da artıraraq bölgədə yeni rəqabətqabiliyyətli müəssisələrin yaradılmasına yol açacaq və Azərbaycanın reallaşdırdığı uğurlu Böyük Qayıdış siyasəti sayəsində qədim şəhərimiz əvvəlki əzəmətinə, şöhrətinə qovuşacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.11.2024 12:14