NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Azərbaycan-Mərkəzi Asiya: yeni geosiyasi reallıqda yüksələn strateji tərəfdaşlıq

...

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yeni məzmun və strateji miqyas qazanır. Bu münasibətlər geniş regional əməkdaşlığın, nəqliyyat və enerji təhlükəsizliyinin, investisiya və ticarət əlaqələrinin, eləcə də ortaq inkişaf perspektivlərinin mühüm dayaqlarından biri kimi çıxış edir. Ötən ildən etibarən Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması isə bu prosesin məntiqi nəticəsi olmaqla yanaşı, regionlararası əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açıb. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı məhz bu reallıqları bütün istiqamətləri ilə ortaya qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın ötən ilin noyabrında bu formata tamhüquqlu üzv olması tarixi qərardır. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini nümayiş etdirir. Sitat: “Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan, Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi”. 

Vurğulamaq olar ki, Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişafı da bu mənzərənin mühüm tərkib hissəsidir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və tərəflərin əlaqələri daha da möhkəmləndirməkdə qarşılıqlı iradəsini göstərir. Bu münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmaması isə Azərbaycan-Türkmənistan əlaqələrinə xüsusi məzmun qazandırır. Türkmənistanın Füzuli şəhərində məscid tikintisinə göstərdiyi qardaş dəstəyi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Məşvərət görüşündə də qeyd etdiyi kimi, bu təşəbbüs xalqlar arasında dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Eyni zamanda Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı region ölkələri arasında həmrəyliyin praktiki ifadəsinə çevrilib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu həmrəyliyin konkret nümunələridir.

Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin iqtisadi ölçüləri də əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Ötən il Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsinin 50 faizdən çox artması qarşılıqlı iqtisadi maraqların sürətlə genişləndiyini göstərir. Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də iqtisadi əlaqələrin artıq institusional və davamlı xarakter aldığını təsdiqləyir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması isə əməkdaşlığın yeni mərhələsinin mahiyyətini daha aydın göstərir. Qarşıdakı əsas hədəflərdən biri birgə investisiyaların artırılması, yeni istehsal müəssisələrinin yaradılması, sənaye əməkdaşlığının genişləndirilməsi və birgə istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasıdır. Prezident İlham Əliyevin Məşvərət görüşündə bu istiqamətdə irəli sürdüyü yanaşma əməkdaşlığın keyfiyyət baxımından yeni mərhələyə keçməsinin vacibliyini ortaya qoyur: ölkələr yalnız bir-biri ilə ticarət etməməli, eyni zamanda birlikdə investisiya qoymalı, istehsal etməli və beynəlxalq bazarlara çıxmalıdırlar.

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən biri isə nəqliyyat və logistika imkanlarıdır. Xəzər dənizi bu baxımdan region ölkələri arasında əlaqələndirici körpü rolunu getdikcə daha da gücləndirir. Azərbaycanın son illərdə liman, aeroport, dəmir və avtomobil yollarına böyük sərmayələr yatırması Mərkəzi Asiyanın Azərbaycan və daha sonra beynəlxalq bazarlarla birləşdirən nəqliyyat imkanlarını genişləndirib. Bu prosesin mərkəzində Orta Dəhliz dayanır. Qlobal ticarət marşrutlarının şaxələndirilməsinə ehtiyacın artdığı bir dövrdə bu marşrutun əhəmiyyəti getdikcə yüksəlir. Ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə, təxminən, 20 faiz artması marşrutun artan rəqabət qabiliyyətini göstərir. Qarşıdakı mərhələdə əsas məqsəd isə marşrutun səmərəliliyini, sürətini və rəqabət qabiliyyətini daha da yüksəltməkdir.

Nəqliyyat əməkdaşlığının rəqəmsal istiqamətlərlə tamamlanması da diqqətçəkən məqamdır. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində görülən işlər göstərir ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yalnız fiziki nəqliyyat dəhlizlərinin inkişafı ilə məhdudlaşmır. Region ölkələri həm də rəqəmsal bağlantıların gücləndirilməsi və yeni nəsil kommunikasiya imkanlarının yaradılması istiqamətində hərəkət edirlər.

Energetika sahəsində əməkdaşlıq da bu strateji mənzərənin mühüm hissəsidir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanlarına malikdir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunması və bu daşımaların həcminin artması ölkəmizin regional enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir. Bununla yanaşı, əməkdaşlığın yeni istiqaməti kimi bərpa olunan enerji xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində aparılan birgə işlər regionun gələcək enerji arxitekturasının formalaşmasına mühüm töhfə verə bilər. Beləliklə, ənənəvi enerji resurslarının nəqli ilə yanaşı, “yaşıl enerji”nin istehsalı və ixracı üçün də yeni regional imkanlar yaranır.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə vurğuladığı kimi, ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməlidir. Bu baxımdan, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının perspektivləri yalnız mövcud iqtisadi və nəqliyyat imkanları ilə deyil, regionda formalaşan qarşılıqlı etimad mühiti ilə də şərtlənir. Sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsi yeni nəqliyyat marşrutlarının inkişafına, investisiya əməkdaşlığının genişlənməsinə və enerji layihələrinin şaxələndirilməsinə əlverişli zəmin yaradır.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün tarixi əhəmiyyətini şərtləndirən mühüm məqamlardan biri də 2027-ci ildə Məşvərət görüşünə Azərbaycanın sədrliyinin qəbul edilməsi oldu. Bu qərar ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin institusional və strateji baxımdan daha yüksək səviyyəyə çıxarılması, mövcud əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi üçün əlavə imkanlar yaradır. Əminliklə demək olar ki, Azərbaycanın qarşıdakı dövrdə Məşvərət görüşünə sədrliyi regionlararası əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcək mühüm siyasi platforma rolunu oynayacaq. Respublikamız öz sədrliyi dövründə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, enerji və investisiya əməkdaşlığının dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin təşviqinə mühüm töhfə verəcək. Türkmənbaşı görüşündə əldə olunan razılaşmalar isə bu proses üçün mühüm zəmin yaradıb. Azərbaycanın Məşvərət görüşünə sədrliyi ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanan münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında əməkdaşlığın inkişafında fəal rolunu gücləndirəcək.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 08.10.2026 16:00