NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycan-Latviya əlaqələrində yeni mərhələ: siyasi dialoq və iqtisadi əməkdaşlığın genişlənməsi

...

Azərbaycan-Latviya əlaqələri yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, hökumətlərarası komissiya çərçivəsində əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək əsasında dinamik şəkildə inkişaf edir. İqtisadi sahədə ticarət və investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, eləcə də enerji və texnologiya sahələrində əməkdaşlıq əsas prioritet istiqamətlər kimi özünü göstərir. Humanitar sahədə isə təhsil, mədəniyyət və insanlararası təmaslar iki ölkə arasında yaxınlaşmanın mühüm dayaqlarından biri sayılır. Bu kontekstdə aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ikitərəfli əlaqələrin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu üzrə Azərbaycan ilə Latviya arasında münasibətlərin tarixi müstəqillik dövründən sonra formalaşaraq ardıcıl şəkildə inkişaf edib. Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb, 1994-cü il yanvarın 11-də isə diplomatik münasibətlər qurulub. Bu mərhələ iki ölkə arasında rəsmi siyasi əlaqələrin əsasını qoymaqla yanaşı, gələcək əməkdaşlıq üçün hüquqi və diplomatik zəmin formalaşdırıb. Sonrakı illərdə münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2005-ci ildə Azərbaycanın Latviyada səfirliyinin açılması, 2006-cı ildə isə Latviyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin daha sistemli xarakter almasına şərait yaradıb. Bu diplomatik nümayəndəliklər siyasi dialoqun dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlığın koordinasiyasına mühüm töhfə verib.Əlaqələrin inkişafında ən mühüm mərhələlərdən biri 2017-ci ildə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” olub. Bu sənəd münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldərək əməkdaşlığın daha geniş və çoxşaxəli istiqamətlər üzrə inkişafına yol açıb.Hazırkı mərhələdə Azərbaycan-Latviya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi əməkdaşlıq, biznes əlaqələri, nəqliyyat dəhlizləri, humanitar layihələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək kimi geniş spektri əhatə edir. Bu isə iki ölkə arasında formalaşmış tərəfdaşlığın davamlı və perspektivli xarakter daşıdığını göstərir.

Aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya liderlərinin yüksək səviyyəli görüşü isə iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ikitərəfli əlaqələrin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini geniş müzakirə ediblər. Müzakirələrdə vurğulanan əsas məqamlardan biri ölkələr arasında mövcud olan Strateji tərəfdaşlıq haqqında Bəyannamənin münasibətlər üçün möhkəm hüquqi baza yaratması olub. Bu sənəd əməkdaşlığın yalnız siyasi deyil, həm də iqtisadi, humanitar və regional təhlükəsizlik sahələrində sistemli şəkildə inkişafına imkan verən çərçivə rolunu oynayır. Tərəflər bu çərçivənin artıq praktik layihələr və konkret təşəbbüslərlə daha da zənginləşdirildiyini qeyd ediblər.Dövlət başçımızın mətbuata bəyanatında dediyi kimi: “Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”.

İqtisadi əməkdaşlıq liderləringörüşünün əsas istiqamətlərindən biri kimi ön plana çıxıb. Bu xüsusda onu vurğulamaq olar ki, Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumu və yaxın günlərdə Şuşada baş tutmuş Birgə Hökumətlərarası Komissiyanın iclası qarşılıqlı sərmayələrin artırılması, birgə istehsal layihələrinin reallaşdırılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün real imkanların mövcud olduğunu göstərir. Tərəflər mövcud ticarət dövriyyəsinin potensial imkanlara uyğun olaraq artırılmasının vacibliyini qeyd edərək biznes dairələri arasında əlaqələrin daha da intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.Həmçinin dialoqlarda enerji,nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub. Birbaşa aviareyslərin açılması perspektivi müzakirə edilərək bunun həm iqtisadi, həm də turizm əlaqələrinin inkişafına töhfə verəcəyi bildirilib. Bu istiqamət insanların qarşılıqlı səfərlərinin asanlaşması və işgüzar əlaqələrin daha çevik qurulması baxımından əhəmiyyət daşıyır.Humanitar sahədə əlaqələr, xüsusilə təhsil əməkdaşlığı xüsusi vurğulanıb. Bu xüsusda qeyd etmək olar ki, Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı iki ölkə arasında humanitar körpünün möhkəmlənməsinə xidmət edir. Təhsil mübadilələri və gənclər arasında əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın davamlılığı üçün vacib amil kimi qiymətləndirilir.

Liderlərin görüşündə diqqətçəkən faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunmasıdır. Xüsusilə Cənubi Qafqaz regionunda sülh prosesi ilə bağlı mövcud vəziyyət diqqətə çatdırılıb. Azərbaycan tərəfi Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişləri qeyd edərək bölgədə davamlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb. Bu kontekstdə siyasi iradənin və dialoqun həlledici rol oynadığı bir daha önə çıxarılıb.Görüşlərin ardından iki ölkə arasındaimzalanmış sənədlərəməkdaşlığın təhlükəsizlik, hüquq-mühafizə, sərhəd xidməti, konsulluq, kənd təsərrüfatı və digər mühüm sahələri əhatə etdiyini göstərir.

Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumu isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və real biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma iş adamlarını və investisiya qurumlarını bir araya gətirərək qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin müəyyənləşdirilməsi və birgə istehsal imkanlarının müzakirəsi üçün əlverişli şərait yaradır.Forum, həmçinin mövcud iqtisadi potensialın daha səmərəli istifadəsinə, biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına və informasiya mübadiləsinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda Azərbaycan və Latviya arasında iqtisadi münasibətlərin daha sistemli və praktik nəticələrə yönəlmiş mərhələyə keçməsinə təkan verir. Prezident İlham Əliyevin dediyi kimi:“Bu gün etdiyimiz qısa çıxışlarımızda tərəfdaşlığın bütün sahələrini əhatə etmək çətindir. Lakin mən əminəm ki, forum ərzində və ondan sonrakı təmaslarda, – çünki əlbəttə, bu tədbirin təcrid edilməməsi üçün sonrakı təmaslar olmalıdır, – bir çox digər imkanlar araşdırılacaqdır. Sözsüz ki, biz bir ölkə olaraq və mən əminəm ki, biznes dairələrimiz də Latviyada, Sizin prioritet hesab etdiyiniz layihələrdə investisiya imkanlarında maraqlıdır”.

Ümumilikdə, Latviya Prezidentinin ölkəmizə səfəri Azərbaycan və Latviya arasında münasibətlərin yalnız diplomatik çərçivədə deyil, həm də praktiki əməkdaşlıq müstəvisində inkişaf etdiyini göstərir. Qarşılıqlı etimad, siyasi dialoqun intensivliyi və iqtisadi maraqların üst-üstə düşməsi gələcək illərdə əlaqələrin daha da dərinləşəcəyinə əsaslı zəmin yaradır.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 23.04.2026 12:38