Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir ...
12:48 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycan dövlətinin xarici siyasətində Afrika ölkələri ilə hərtərəfli münasibətlərin qurulması, bu qitədə yaşayan xalqların hüquqlarının müdafiəsi vacib prinsiplərdəndir. 1,5 milyard əhalisi, 3,5 trilyon ABŞ dollarından çox ÜDM-i, gənc və dinamik əhalisi olan Afrika həm də ölkəmiz üçün iqtisadi əməkdaşlığa dair mühüm perspektivlər vəd edir. Azərbaycanın bu qitə ilə siyasi dialoqunun, diplomatik münasibətlərinin inkişafının nəticəsidir ki, bu günədək beş Afrika ölkəsində səfirliklər açılıb və bunlardan biri də Efiopiya Federativ Demokratik Respublikasıdır. Azərbaycanla Efiopiya arasında son illərdə həm BMT, Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlər yeni inkişaf dönəminə qədəm qoyub. Xüsusilə müasir çağırışlara uyğun respublikamızın qazandığı zəngin təcrübə Afrika qitəsinin bu ölkəsinin böyük marağındadır. Bu baxımdan, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri, keçirilən görüşlər, müxtəlif sahələrə dair fikir mübadilələri, imzalanan sənədlər faydalı əməkdaşlığa dair yeni imkanlar açacaq.
Azərbaycanla Efiopiya arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 2-də qurulub, 2015-ci ildə ölkəmizin Efiopiyada səfirliyi fəaliyyətə başlayıb. Son illərin geosiyasi və geoiqtisadi mənzərəsi deməyə əsas verir ki, ölkələrimiz arasında diplomatik münasibətlər dinamik inkişaf yolundadır. Bu münasibətlər yüksək səviyyəli Efiopiya nümayəndə heyətlərinin Bakıda keçirilən COP29-da iştirakı ilə daha da güclənib. Gələcəkdə ikitərəfli siyasi əlaqələrin ticarətin, biznesin və investisiyaların dərinləşdirilməsinə yönəlmiş davamlı və hərtərəfli tərəfdaşlığa çevrilməsi tərəflərin böyük marağındadır. Azərbaycan və Efiopiyanın parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi, o cümlədən ötən il Afrika qitəsində ilk dəfə Azərbaycan iş adamlarının iştirakı ilə birinci Azərbaycan-Efiopiya Biznes Forumunun təşkili ölkələrimiz arasında möhkəmlənən diplomatik əlaqələrin və iqtisadi münasibətlərin mühüm göstəriciləridir.
Məlum olduğu üzrə, Efiopiya Nigeriyadan sonra Afrikada ikinci ən çox əhalisi olan ölkədir və proqnozlar göstərir ki, 2030-cu ilə qədər əhalinin sayı, təqribən, 200 milyona çata bilər. Bu müxtəliflik ölkənin ən güclü tərəflərindən biri kimi, Efiopiyanın çoxmədəniyyətli bir cəmiyyətə sahib olduğunu göstərir. Nəzərə alsaq ki, həm Efiopiya, həm də Azərbaycan tarix, mədəniyyət və təbiət baxımından zəngindir, bu da ölkələrarası turizmin inkişafı potensialından xəbər verir. Bu baxımdan, gələcəkdə turizm sektorunda təcrübə və investisiyaları bölüşməklə, mədəni dialoqu təşviq etməklə, birgə tur paketləri yaratmaqla iki ölkə turizm əlaqələrini daha da gücləndirə bilərlər. Hazırda tərəflərin kənd təsərrüfatı, enerji, infrastruktur və təhsil sahələrində əməkdaşlıq potensialı mövcuddur. Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin fevralın 27-də ölkəmizə səfəri müdafiə, kənd təsərrüfatı, hüquq-mühafizə, investisiya və media sahələrində yeni əməkdaşlıqların qurulması ilə yadda qaldı. Tərəflər arasında “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində qurulan mövcud əlaqələrin inkişafı baxımından önəmli addımlardan biridir. Liderlərin geniş tərkibdə görüşü zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Ümumilikdə, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfərinin gündəliyi göstərir ki, Azərbaycanla Efiopiya arasında münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa qədər genişlənən və perspektiv vəd edən tərəfdaşlıq modelinə çevrilməkdədir. Tərəflər arasında qarşılıqlı hörmət və etimad, eyni zamanda qarşılıqlı maraqdoğuran məsələlərin perspektivi gələcəkdə əlaqələrin daha da dərinləşməsinə, tərəfdaşlığın güclənməsinə imkan verəcək. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə çıxışı zamanı Azərbaycan və Efiopiyanın müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsində maraqlı olduqlarını bildirdi, Abiy Əhməd Əlinin səfərinin gələcək uğurlu əməkdaşlıq üçün vacib amil olacağını vurğuladı: “Əlbəttə ki, biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə, əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək”.
Nail ƏSGƏROV
Digər xəbərlər