NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

...

Oktyabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, görüşdə qadınların hüquq və imkanlarının genişləndirilməsi, rəqəmsal mühitdə qadınların təhlükəsizliyinin təmin edilməsi, gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə olunub.

B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təşviqi istiqamətində Agentliklə bir sıra mühüm layihələr həyata keçirilib. O, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə birgə reallaşdırılan təşəbbüslərin müvafiq mexanizmlərin formalaşdırılmasına, eləcə də qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

2026–2028-ci illər üçün “Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın aidiyyəti qurumlarla birgə icra edildiyini vurğulayan Bahar Muradova rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlarla yanaşı, qadınlar üçün meydana çıxan yeni çağırış və təhlükələrə də diqqət çəkib. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini bildirən sədr qadınların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərdən qorunması və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd edib.

Kaori İşikava Azərbaycan ilə BMT-nin Qadınlar üzrə Agentliyinin arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirərək bu sahədə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Kaori İşikava rəqəmsal zorakılığın, o cümlədən süni intellektdən istifadə ilə bağlı yarana biləcək risklərin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. O, bu istiqamətdə 16 günlük fəallıq kampaniyası çərçivəsində birgə tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Görüşdə, həmçinin regional və qlobal tədbirlərdə iştirak və təmaslardan maksimum yararlanmağın əhəmiyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nəşr edilib : 07.10.2026 15:35