NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Azad Kəlbəcər dirçəlir və yenidən qurulur

...

Kəlbəcər rayonu Azərbaycanın ən gözəl və strateji əhəmiyyətə malik bölgələrindən biri olub. Rayonun 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan üçün həm ərazi itkisi, həm də insanların yaşadığı acı bir tarixi mərhələ oldu. Kəlbəcər öz təbii gözəlliyi ilə yanaşı, həm də Azərbaycanın şimal-qərb istiqamətindəki ən mühüm dağlıq ərazilərdən birini təşkil edirdi. Kəlbəcərin işğalı, həmçinin Azərbaycan üçün böyük bir strateji zərbə idi, çünki bu rayonda olan yüksək dağlar həm də ölkənin müdafiə xəttinin çox vacib bir hissəsini təşkil edirdi.
İşğal həm də böyük bir daxili çəkişmələrin yaşandığı, hakimiyyət uğrunda mübarizələrin cərəyan etdiyi bir dövrə təsadüf edirdi. Məhz bu dövrdə ölkənin daxili siyasi vəziyyəti güclü bir koordinasiya və qarşılıqlı əlaqə tələb edirdi, amma hakimiyyət uğrunda gedən mübarizə nəticəsində Kəlbəcərin də daxil olduğu ərazilər işğal olundu. AXC-nin təşkilatları və siyasi xadimləri işğal olunmuş torpaqları müdafiə etmək əvəzinə öz şəxsi maraqları və hakimiyyət davası ilə məşğul olurdular ki, bu da, nəticədə, Ermənistanın ərazilərimizi zəbt etməsinə səbəb oldu.
Kəlbəcərin işğalı ilə bağlı görüntülər və çəkilişlər o dövrdə hərc-mərclik vəziyyətini əks etdirirdi. İşğaldan əvvəl Kəlbəcər Azərbaycanın mədəni və təbii sərvətlərlə zəngin olan rayonu idi. Təəssüf ki, bu bölgədə olan çoxsaylı yaşayış məntəqələri, mədəni irs və təbii gözəlliklər Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldı, vətəndaşlar isə öz evlərini tərk edərək qaçqın vəziyyətinə düşdülər.
İşğaldan sonra Kəlbəcərin sakinləri uzun illər boyu öz doğma yurdlarına qayıtmağa ümid edərək yaşadılar. 
Kəlbəcərin işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərin nəticəsində, hərbi siyasi iradənin qələbəsi kimi tarixə düşdü. 2020-ci ilin noyabr ayında bir güllə atılmadan Azərbaycan Silahlı Qüvvələri Kəlbəcər rayonuna daxil oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında bu ərazilər geri alındı və Kəlbəcər 27 illik işğaldan qurtuldu.
Azad Kəlbəcər həm də Azərbaycanın güc və qətiyyətinin simvoluna çevrildi. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını yenidən bərpa etməyə başladıqdan sonra Kəlbəcər də daxil olmaqla bütün azad edilmiş ərazilərdə yenidənqurma proseslərinə start verildi. Bu yenidənqurma yalnız hərbi, siyasi və sosial baxımdan deyil, həm də maddi-texniki və infrastruktur sahələrini də əhatə etdi. Kəlbəcərdə elektrik enerjisi, su təchizatı, yollar və digər infrastruktura dair layihələr həyata keçirildi. Bununla yanaşı, ərazinin tarixinin, mədəniyyətinin bərpası və yerli əhalinin geri dönməsi üçün ciddi addımlar atıldı.
Prezident İlham Əliyev Kəlbəcərin azad edilməsi ilə yanaşı, bu torpağın bərpası üçün ciddi bir proqram həyata keçirdi. Azərbaycan hökuməti Kəlbəcərin və digər azad edilmiş ərazilərin yenidən qurulması üçün hərtərəfli tədbirlər gördü. Həmçinin bu bölgənin təbii sərvətlərinin qorunması və inkişafı üçün müxtəlif layihələr həyata keçirildi.
Prezidentin bu ərazilərdə həyata keçirdiyi siyasət ölkənin milli birliyini və ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də iqtisadiyyatın dirçəldilməsinə və regionun müasir infrastrukturla təmin edilməsinə xidmət edir. Bu da Azərbaycan xalqının öz torpaqlarına geri dönüşünü daha rahat və təhlükəsiz etməyə şərait yaradır.
Kəlbəcərin 27 il sonra azad edilməsi Azərbaycan xalqı üçün böyük fəxarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər yalnız işğaldan qurtulmayıb, həm də mənəvi və maddi baxımdan yenidən qurulur. Tarixi torpaqlara Böyük Qayıdış, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqın birliyinin və iradəsinin simvoludur. Qarabağın bütün ərazisinin, o cümlədən də Kəlbəcərin azad edilməsi Azərbaycan xalqının gücünün və mübarizə əzminin göstəricisidir, gələcək nəsillər üçün vətənpərvərlik dərsidir.

Aysel GÖZƏLOVA
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin laborantı

Nəşr edilib : 02.04.2025 23:40