Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
“Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!” – bu iki misranı dilə gətirəndə Onun səsindəki titrəyişi bütün zal hiss etdi həmin gün. Bəlkə də, ürəyi, həyatı dediyi Azərbaycandan ayrılacağını hiss etdiyi üçün səsi titrədi dahi insanın. Bəlkə də, nəfəsimdir, həyatımdır dediyi Vətəni üçün yarımçıq qalan xəyallarını düşünüb qəhərlənmişdi “Azərbaycan” şeirinin son misralarını dilə gətirəndə. Qurub-yaratdığı, təməl daşını belə öz əlləri ilə qoyduğu canı Azərbaycandan ayrılacağını hiss etmək dünyaya öz siyasi gücü ilə dərs keçən böyük insanı duyğulandırmışdı.
Hər dəfə həmin kadrları izləyəndə o səsdəki titrəyişi hiss etdikcə göz yaşına boğulanda başımız üstdə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza baxıb “Ayrılmadı könül candan”, – deyirəm. Axı necə ayrıla bilərdi ki? Könülü candan ayırmağa gücü yetməz ki, ölümün.
O bütün bir xalqın xilasedicisi, atasıdır. Bu Vətənin bütövlüyü, zəfəri, xoş gələcəyidir. Onun gəlişi ilə aydınlanmışdı qaranlıq günlərimiz. Soyuq sinif otaqları işıqlı, isti məktəblərlə əvəz olunmuşdu. Yaşadığımız hər yerə düşən, uşaqları şəhid edən “alazan”ların səsi Onun gəlişindən sonra kəsilmişdi. Torpağımıza göz dikən düşmənin gözü dahi rəhbərin gəlişi ilə kor olmuşdu. İsti çörək gəlmişdi təknəmizə, soyuq qış gecələri isinmişdi. Səngərdə döyüşən əsgər O dahi şəxsiyyəti öz yanında görüb daha da cəsarətli olmuşdu. Evindən didərgin düşən insanlar Ona sığınıb təsəlli tapmışdılar. İnanmışdılar öz evinə dönəcəklərinə. Qardaş qanı dayanmışdı Onun gəlişi ilə. Azərbaycan yox olmaqdan qurtarmışdı.
Biz Ona baba deyib, kölgəsinə sığınıb böyümüşdük. Uşaqlıq xatirələrimizin qəhrəmanı olmuşdu Heydər babamız. Onun sevgisi ilə gələcəyə ümidlə baxmışdıq. Necə ayıra bilərdi ölüm könlümüzü canımızdan. Ayrılmadı heç zaman, hər addımda Onu düşündük, Onu xatırladıq. Dediyi bütün sözlər, arzuları, xəyalları gerçəyə çevrildikcə, Azərbaycan Bayrağı dünya səviyyəli tədbirlərdə dalğalandıqca, Vətənimiz abadlaşıb gözəlləşdikcə, gənclərimiz cahana səs saldıqca biz Onu düşündük ancaq. Bu xalq öz oğlunu o qədər sevdi ki, bu sevgi ölçüyə gəlməzdir. Ona görə də vaxtilə Ulu Öndərə qalxan xain əlin atdığı daşın qarşısında sipər olub dahi rəhbərini qorumuşdu. Onun əmanətini də qoruyub, ona etimad göstərməklə qalmayıb, ətrafında birləşib yumruğa dönüb düşmənin başına şimşək kimi çaxdı. Ulu Öndərin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya” arzusunu gerçəyə çevirdi. Laçın dağlarında, Kəlbəcərin sərin yaylaqlarında, Xocalıda, qəlbi yaralı Qarabağda Azərbaycan Bayrağını öz canı bahasına zirvələrə sancdı. Vaxtilə görkəmli dövlət xadiminin yaratdığı ordu bunu Azərbaycan xalqı ilə birləşib bacardı. Bir olub bacardı həkimi, əsgəri, kəndlisi, müəllimi... Həmin gün düşmən igid Azərbaycan əsgərinin qarşısında diz çökəndə, Şuşada azan səsi gələndə, Zəngilandan ilk toyun, ilk körpənin səsi eşidiləndə könlümüzün canımızdan ayrılmadığını bir daha gördü dünya. Hər addımda Onu düşünüb, Onu yada salıb biz bacaracağıq dedik.
O, heç vaxt köçmədi bu dünyadan, bu xalq Heydər adlı oğlunu itirmədi heç zaman. O, daim yaşadı üçrəngli bayrağımız zirvələrdə dalğalandıqca, Azərbaycan xalqı bir olduqca, Vətənimiz çiçəkləndikcə yaşadı və yaşayır.
Bu Vətənin hər daşında, torpağında Onun izi var. Çünki başımız üstdə dalğalanan müqəddəs bayraq ilk dəfə xalqın Heydər oğlunun əllərində göylərə yüksəlib. O, dirçələn, çiçəklənən Azərbaycandır. O, Qarabağda yanıb düşməni kor edən sönməz Günəşdir. O bizim könlümüzdən ayrılmayan can, ürəyimizin bitməz sevgisidir. Bu sevgi – Heydər Əliyev sevgisi bizim ürəyimizdən övladlarımıza keçib və daim yaşayacaq. Könül candan heç bir zaman ayrılmayacaq. Nə qədər ki Azərbaycan var, onun vəfalı oğlu da var olacaq. Çünki xalqın sevgisi ölməz, əbədi yaşayar. Canı Vətən olanların könlü candan ayrılmaz ki.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər