NAXÇIVAN :

25 Yanvar 2025, Şənbə

“Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin açılış tədbiri keçirilib

...

Naxçıvanda autizm spektr pozuntusundan əziyyət çəkən uşaqların və onların ailələrinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atmaq məqsədilə yaradılan “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin açılış tədbiri keçirilib. Psixologiya üzrə fəlsəfə doktoru, Modern Psixologiya Mərkəzinin və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi Ayaz Seyidli  çıxış edərək vurğulayıb ki, “Biz yalnız autizmli uşaqların valideynlərinə deyil, bütün cəmiyyətə xidmət etməyə hazırıq. Çünki bu uşaqların cəmiyyətə inteqrasiyası, onların xüsusi istedadlarının üzə çıxarılması hamımızın borcudur. Biz fərqlilikləri zəiflik kimi yox, güc kimi qəbul etməyi öyrətmək istəyirik. Bu danılmaz bir faktdır ki, autizm xəstəlik deyil, bir fərqlilikdir. Təşkilatımız artıq fəaliyyətə başlayaraq bu sahədə mühüm layihələr həyata keçirməyi planlaşdırır. Düşünürəm ki, təsisçisi olduğum QHT, Naxçıvanda autizmli uşaqlar üçün daha yaxşı bir gələcəyin başlanğıcı ola bilər. Onların təhsilə, sosial həyata və ümumi cəmiyyətə inteqrasiyası üçün təşkilatımızın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”. 

Daha sonra qonaqlar dövlətimizin autizmli uşaqlara göstərdiyi diqqət və qayğını nümayiş etdirən videoçarx izləyib. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Gülxanım Orucova və digər çıxış edənlər yaradılan ictimai birliyin əhəmiyyəti barədə danışıblar. Tədbirin sonunda autizm spektr pozuntusu olan uşaqlara cəmiyyətin və valideynlərin yanaşması ilə bağlı maarifləndirici səhnəcik nümayiş olunub.

Nəşr edilib : 24.01.2025 19:04