NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

...

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Azərbaycanda rəsmi səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pere Joan Pons Sampietronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

TÜRKPA-dan verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, o cümlədən 2010-cu ildən Assambleyanın ATƏT PA ilə səmərəli və fəal əməkdaşlığı xüsusilə vurğulanıb. Həmçinin TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı atılan addımlar, ATƏT PA-nın iyul ayında Haaqada keçirilmiş illik sessiyasında bu məsələ ilə bağlı səsvermə prosesi və bundan sonrakı mərhələ ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Qazaxıstanda baş tutan Parlament seçkiləri, TÜRKPA-nın son dövrdə həyata keçirdiyi irimiqyaslı və faydalı əlaqələr, dialoq, sülh, əmin-amanlıq, qarşılıqlı anlayış istiqamətində səmərəli əməkdaşlıq müzakirə edilib. Eyni zamanda gələcək fəaliyyətlərində nümayəndə heyətlərinin daha fəal şəkildə iştirakının ümumi maraqlara xidmət etdiyi, həm ATƏT PA Prezidenti, həm də TÜRKPA Baş katibi tərəfindən vurğulanıb.

Öz növbəsində, ATƏT PA-nın Prezidenti Pere Joan Pons Sampietro əməkdaşlıqdan məmnuniyyət duyduqlarını və qarşılıqlı dialoqa xidmət edən demokratik dəyərlərin üstün tutulduğu parlament diplomatiyasının inkişafı ilə bağlı həyata keçirilən proseslərdə TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də əllərindən gələn dəstəyi verəcəklərini bildirib. Baş katib, öz növbəsində qarşılıqlı fəaliyyət və layihələrdə birgə iştirakın çox vacib olduğunu vurğulayaraq bunun ümumi maraqlara xidmət edən əsas amillərdən biri olduğunu da qeyd edib.

Nəşr edilib : 03.09.2026 22:00