NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Arzuları yarımçıq qaldı

...

Məhəmməd Füzuli oğlu İsmayılzadə
(10.06.1996-26.10.2020)

Nə deyim onun haqqında? Məhəmmədin xatirələri mənim qəlbimdən heç vaxt silinməz. Hər saniyə, hər an gözümün qarşısındadır. Məhəmməd mənim ilk oğul övladım idi. Həm də sonbeşiyim. O, Ulu Yaradanın mənə bəxş etdiyi cənnətim idi. Mən 24 il Rəbbimin mənə bəxş etdiyi cənnətdə yaşamışam.
Çox mehriban uşaq idi. Üzündən gülüş əskik olmazdı. Yalan danışmağı sevmirdi. Xarakteri üzünə yansımışdı.
Məhəmmədin ən böyük arzusu xaricdə təhsil almaq idi. Arzusuna çatmışdı. Məhəmməd heykəltaraş idi. Fitri istedadı vardı. Qabiliyyətinə söz yox idi.
Amma Vətən müharibəsinin başlaması onun arzularını yarımçıq qoydu. Könüllü yazılıb müharibəyə getdi. 21 sentyabrda cənab Prezidentimizin səfərbərlik haqqında olan Sərəncamından sonra hərbi komissarlığa müraciət etdi.

27 sentyabrda çağırış vərəqəsi evə gəldi. Məhəmməd müharibəyə yollandı. Müharibədə olanda tez-tez danışırdıq. Deyirdim ki, Məhəmməd, qabağa getmə. Bilirdim ki, nə olur-olsun, o özünü irəli atacaq. Heç kimin ondan qabaqda getməsinə razı olmayacaq. Deyirdi ki, ana, narahat olma, hər şey Allahın yazısıdır.
Sonuncu dəfə danışanda 25 oktyabr səhər saat 800 idi. Səsi çox narahat gəlirdi. Dedi ki, ana, telefonu atama verə bilərsən? Sonra atası ilə danışdı. Atasına deyib ki, bərk yerdə ilişmişik. Çoxlu dua edin. Dostlarım yaralanıb. Dostlarını çıxartdıqdan sonra yenidən döyüşə giriblər. Həmin döyüşdə də şəhid olub.
26 oktyabr 2020-ci il. Heç vaxt sevmədiyim tarix. Oğlumun şəhid olduğu tarix. Bu tarix mənim öldüyüm, nəfəs almağa məcbur olduğum tarixdir. Bu tarix məni bala dərdi ilə Allahın sınağa çəkdiyi gündür. Bu tarix mənim imtahana çəkildiyim gündür.
Məhəmməd gedən gündən bütün həyatımız dəyişdi. O gözəl günlərimiz mənasız, ümidsiz, Məhəmmədsiz günlərə çevrildi. Allah Məhəmmədin və bütün şəhidlərimizin ruhunu şad etsin!
 

Nəşr edilib : 10.01.2025 20:50