NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Arzu etdiyimiz Azərbaycandan yaşadığımız Azərbaycana yaxud bir uşağın yaddaşından bu günün böyük tarixinə

...

Lap əvvəldən başlamaq istəyirəm...

Geosiyasi gərginliyin və ağır sosial-iqtisadi sınaqların hökm sürdüyü 1990-cı illərdə blokada şəraitində yaşayan Naxçıvan sakinləri bu çətinlikləri öz həyatlarında hər kəsdən daha kəskin şəkildə hiss edirdilər. Həmin illərdə hələ uşaq olsam da, evimizdəki söhbətlərdən, az-çox gördüklərimdən nəyinsə yolunda getmədiyini başa düşürdüm. Əmilərimin sübhün gözü açılmamış çörək növbəsinə tələsmələrini, axşamtərəfi bibimi işdən qarşılamaq üçün mütləq yola düşdüklərini indi də çox yaxşı xatırlayıram.

Məhəlləmizdə neft, daha sonra isə qaz doldurmaq üçün dayanan iri çənli yük avtomobilləri, qışlıq neft almaq üçün bidonlarla sıraya düzülmüş qonşular, səhər bir stəkan isti çay içə bilməyimiz üçün nənəmin yandırdığı, daha doğrusu, yandırmaqdan çox tüstülətdiyi samovar da yadımdadır. Ata-anamın otağı isitmək üçün dəridən-qabıqdan çıxması, hər səhər gözümü açanda nəzərlərimi qarşılayan soyuq divarlar və o divarda qalan, lakin artıq heç bir əhəmiyyət daşımayan qaz borusu da hafizəmə əbədi həkk olunanların sırasındadır.

Bir də səhər tezdən yollandığım məktəbin yolu var yaddaşımda. Yolboyu yarıdağılmış asfalt, hərəkət etdiyim yerin nə zamansa piyada səkisi olduğunu göstərən beton parçaları, şüşələri qırıldığı və yanacağın olmadığı üçün buz kimi olan sinif otaqları... Vaxtaşırı, növbəm çatanda neftlə işləyən sobanı yandırmaq üçün bir litrlik şüşə butulkada neft aparırdım. Havanın ayazından əllərim qarsıyıb donurdu. Sinif otağını isə tezliklə qara tüstü-duman bürüyürdü.

Bunlar təkcə mənim xatirələrim deyil. Mənimlə həmyaş və məndən böyük olanların yaddaşında da yaşayan 90-cı illərin gerçəkləridir. Düşünürəm ki, hansı yaşda olmağımızdan, bu gün hansı şəraitdə yaşamağımızdan asılı olmayaraq, həmin illəri heç vaxt unutmayacağıq. Unuda bilməyəcəyik. Çünki insanın uşaqlıq yaddaşı çox qəribədir. O bəzən böyük tarix kitablarının yaza bilmədiyini bir samovarın tüstüsündə, soyuq bir sinif otağında, boş qaz borusunda, çörək növbəsində saxlayır.

Böyük tarixin canlı şahidliyi

2000-ci illərdən sonra ətrafımızda gedən dəyişiklikləri görür, təhtəlşüur da olsa, dərk edirdim. Əslində, böyük tarixin bir parçası olmaq, ona şahidlik etmək insanda qürur hissi yaradır. Dəyişməsinə şahidlik etdiyin bir proses, bir məkan haqqında danışmaq insanın özünü də həmin tarixin bir parçasına çevirir. O vaxt bunun fərqinə varmasam da, bu gün həmin illərə baxanda bunu daha aydın başa düşürəm. Azərbaycanın inkişafında yeni mərhələnin əsası qoyulanda mən hələ məktəbli olsam da, dəyişimin bir addımlığındakı prosesləri görürdüm: şahidlik edir, müşahidə edir və yavaş-yavaş anlayırdım.

2003-cü ildə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin və inkişaf strategiyasının davam etdirilməsinə səs verdi. Həmin il müstəqillik tariximizin ən həlledici məqamı idi, desək, zənnimcə, yanılmarıq. Cənab Prezidentin dediyi kimi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər”. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycana nəzər salsaq, keçdiyimiz yolun açıq mənzərəsi görünür. Tarix göz qabağındadır. Biz isə onun canlı şahidləri.

Bəs həmin tarixdən ötən illər bizə nəyi göstərdi? Bu illər Azərbaycan üçün çox böyük dəyişikliklərin, mühüm nailiyyətlərin və tarixi hadisələrin dövrünə çevrildi. Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın dinamik və dayanıqlı inkişafını təmin etmək, torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olmaq sadə məsələ deyil. Məsələnin mahiyyəti, məzmunu daha dərin və genişdir. Bütün cəbhələrdə istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya cəbhəsində tarixi Qələbənin memarı Prezident cənab İlham Əliyevdir.

Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət qurmaq mövcud olduğumuz regionda asan məsələ deyil. Çox qısa zamanda həm dövləti, həm ordunu, həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır. Bu isə artıq dünya liderliyini çoxdan təsdiqləyən dövlət başçısının ölkəmizin gələcəyinə obyektiv baxışının, yaxud Azərbaycan reallığının ifadəsidir.

Xalqa verilən söz və böyük Zəfər

Tarix cənab Prezidenti 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi yazıb. Həmin Qələbə bir çox cəhətdən Onun prezidentliyinin dəst-xətini müəyyənləşdirdiyi kimi, həm də ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırladacaq.

Qarabağın azadlığı Azərbaycan tarixinin müstəqillikdən sonra ən böyük hadisəsidir. Biz xoşbəxt nəsilik ki, canlı əfsanənin şahidi olduq. Müzəffər Sərkərdə 100 illik problemə erməni separatizminə birdəfəlik son qoydu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.

Ötən illər xalqını, vətənini, dövlətini sevən bir liderin hansı nəticələrə nail ola biləcəyini əyani şəkildə göstərdi. Xalq, vətən və dövlət sevgisinin əməli işdə sübut olunması, möhkəm siyasi iradə, qətiyyət, gərgin əmək və müəyyən edilmiş inkişaf strategiyasına sədaqət Azərbaycanın tərəqqisinin əsas amillərinə çevrildi.

Siyasi fəaliyyətinin ən mühüm mərhələsinin başlanğıcında “Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”, – deyə verdiyi sözün üstündə dayanan Prezident İlham Əliyev inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanı qısa zaman kəsiyində böyük tərəqqi yoluna çıxardı.

Ölkənin iqtisadi potensialı gücləndi, sosial layihələrin miqyası genişləndi, ordu müasirləşdirildi, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Nəhayət, tariximizin ən böyük arzularından biri gerçəkləşdi. Qarabağ işğaldan azad edildi. Bu gün vaxtilə dağıdılmış yurd yerlərinə həyat qayıdır. Bu torpaqlarda təkcə binalar deyil, gələcək qurulur. Azərbaycan Prezidentinin bir fikri isə bütün bu proseslərin mənəvi əsasını göstərir: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. O bunu qəbul etdirdi. Artıq bütün dünya bilir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada mühüm geostrateji məntəqələrdən olan Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtı ilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir.

Bu gün biz yeni tarixi epoxanın şahidiyik. Tarix qüdrətli şəxsiyyətlərin əməlləri ilə yaradılır, yazılır və yaşadılır. Tarix yazanlar isə əbədi yaşayır. Bu gün biz müasir Azərbaycanın tarix kitabının səhifələrini çevirməkdəyik.

Naxçıvanın yeni epoxası: blokadadan regional nəqliyyat sisteminin əsas həlqəsinə

Bəs mənim uşaqlığımın yaddaşına həkk olunmuş köhnə Naxçıvan?

Naxçıvan bu gün tamamilə başqa mənzərə təqdim edir. Bu qədim diyar indi yalnız blokadanın yaratdığı məhdudiyyətləri arxada qoymur, eyni zamanda yeni iqtisadi inkişaf modelinə keçid edir: sənaye parkları istehsalı, enerji layihələri energetikanı, müasir suvarma sistemləri kənd təsərrüfatını, dəmir yolu və nəqliyyat dəhlizləri isə logistika və ticarəti hərəkətə gətirəcək. Bu sahələrin bir-birini tamamlaması iqtisadiyyatın daha şaxələndirilmiş və dayanıqlı modelinin formalaşmasına imkan verəcək.

Ən mühüm dəyişiklik isə düşüncə və yanaşmadadır. Artıq Naxçıvanın inkişafına yalnız mövcud ehtiyacların ödənilməsi prizmasından baxılmır. Qarşıya daha böyük hədəflər qoyulur: daha çox istehsal, daha çox investisiya, daha çox ixrac, daha geniş nəqliyyat imkanları və Avropa ilə daha sıx iqtisadi tərəfdaşlıq. Zəngəzur dəhlizinin reallaşması isə muxtar respublikanı regional nəqliyyat sisteminin mühüm həlqəsinə çevirəcək. Bu da Naxçıvan üçün yeni tranzit, logistika, ticarət və xidmət imkanları deməkdir.

Naxçıvanın dünəni ilə bu gününü müqayisə edən insanlar nələrə sahib olduqlarını daha yaxşı bilirlər. Çünki bəzi dəyişiklikləri rəqəmlərlə, layihələrin siyahısı ilə ifadə etmək mümkün olsa da, bəzilərini yalnız xatirələrlə ölçmək olar. Mənim üçün Naxçıvandakı dəyişiklik məhz belədir: 90-cı illərdə soyuq divarlara baxan uşaq bu gün müasir şəhərin küçələrinə baxır. Neft sobasının qara tüstüsünü xatırlayan insan bu gün işıqlı evlərə, abad küçələrə, modern binalara baxır. Bir vaxtlar divardakı qaz borusuna ümid kimi baxan uşaq bu gün həmin ümidin gerçəyə çevrildiyini görür.

Naxçıvan bu gün dünənlə sabahın qovuşduğu bir məkan, gözümüzün qarşısında gerçəyə çevrilən bir arzunun ifadəsidir. Etiraf edək ki, çoxlarının həsəd apara biləcəyi bir gerçəklikdir. Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Liderin yaratdığı bu gerçəklik dünənin arzusu, bu günün isə qürur mənbəyidir.

P.S. Əslində, əvvəldə qeyd etdiyim o qaz borusu mənim üçün heç vaxt, sadəcə, divardakı bir metal parçası olmayıb. O, böyük bir ümidin simvolu idi. Yenidən mavi yanacağın şölələnəcəyinə olan inamın simvolu... Uzun illər, hətta həyətimizə yeni qaz xətti çəkilənədək, 2005-ci ilə qədər o boru öz yerində qaldı. Bu gün geriyə baxanda anlayıram ki, həmin boru daha böyük bir mənanı da ifadə edirmiş. O, insanların öz liderinə, öz dövlətinə, sabaha olan inamının simvolu imiş. Bəlkə də, həyatın ən gözəl tərəfi budur: bir vaxtlar yalnız arzu etdiyin gerçəkliyin içində yaşamaq.

Məmməd BABAYEV

Nəşr edilib : 16.09.2026 10:19