AzMİ nümayəndəsi COOMET-in prezident şurasının növ...
18:43 20.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Müasir dünyamızda baş verən geosiyasi hadisələr dünya ölkələrinin vahid və daha çox təsir gücünə malik bir platformada birləşməsini şərtləndirir. Bu məqsədlə müxtəlif tədbirlər, diplomatik konfranslar, yığıncaqlar keçirilir ki, burada qlobal çağırışlar müzakirə olunur, ikitərəfli və çoxtərəfli görüşlər keçirilir. Burada dünya siyasətinin yüksək səviyyəli nümayəndələri – dövlət və hökumət başçıları, diplomatlar, beynəlxalq təşkilat nümayəndələri və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edir. Antalya Diplomatiya Forumu da Türkiyənin Antalya şəhərində 2021-ci ildən keçirilən belə qlobal tədbirlərdən biridir. Bu il forumun beşincisi “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda keçirildi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Müasir beynəlxalq münasibətlər sistemində fəal iştirak edən Azərbaycanın forumda iştirakı ölkəmizin həm regional, həm də qlobal siyasətdə artan rolunu bir daha göstərdi. Bu platforma çərçivəsində bölgədə gedən proseslərlə bağlı, həmçinin sülh gündəliyi, eyni zamanda iqtisadi əməkdaşlıqla bağlı geniş fikir mübadilələri aparıldı.
Prezident İlham Əliyevin ölkə liderləri və beynəlxalq təşkilat nümayəndələri ilə apardığı müzakirələrdə əsas diqqət regional təhlükəsizlik, enerji siyasəti, post-münaqişə dövründə bərpa və əməkdaşlıq məsələlərinə yönləmişdi. Forum çərçivəsində ölkə başçımızın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü baş tutdu. Hər üç ölkənin regional münaqişlərə münasibətdə oxşar yanaşma, suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstək nümayiş etdirməsi onların beynəlxalq məsələlərdə yaxın mövqelərə malik olduğunu bir daha göstərdi. Liderlər görüş çərçivəsində aparılan fikir mübadiləsi nəticəsində qarşılıqlı anlaşma və dialoqun davam etdirilməsinin zəruriliyini də ortaya qoydular. Bu gün dünyada diplomatiyanın müəyyən mənada zəiflədiyi və dövlətlər arasında ziddiyyətlərin artdığı bir şəraitdə qarşılıqlı dialoq olduqca əhəmiyyətlidir. Bu baxımdan, bu forum münasibətlərin təhlili və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan da bu forumda iştirakı ilə öz ikitərəfli və çoxtərəfli əlaqələrini genişləndirmək üçün əlverişli imkanlar əldə edir. Forum bir daha ölkəmizin beynəlxalq imicini nümayiş etdirdi və diplomatik təşəbbüslərin irəli sürülməsinə imkan yaratdı, həmçinin etibarlı tərəfdaş nüfuzunu möhkəmləndirdi. Burada post-münaqişə dövründə Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüsləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda ölkəmizin Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mövqeyi də təqdim edildi.
V Antalya Diplomatiya Forumu həm də türk dövlətləri üçün ortaq mövqelərin formalaşması, regional məsələlərdə koordinasiyanın güclənməsi üçün şərait yaradır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi keçirilən görüşlərin əsas istiqamətlərindən idi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu görüş möhkəm təməllər üzərində qurulmuş və bu gün yüksək inkişaf səviyyəsinə çatmış Azərbaycan-Türkiyə münasibətlərinin daha da şaxələnməsinə imkan verir. Ölkə başçımızın forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə görüşü də bu kontekstdə çox əhəmiyyətlidir. Forum Türk dünyasını birləşdirən meqalayihələrin müzakirəsi üçün olduqca əhəmiyyətli bir platformadır. Bu müzakirələr türk dövlətləri arasında ticarətin, enerji əməkdaşlığının artmasına töhfə verir və regionumuzun geoiqtisadi rolunu daha da gücləndirir. Forumda, həmçinin Türk dünyasının mədəni əməkdaşlığı da diqqətdən kənarda qalmadı. Türk xalqları arasında ortaq dil, tarix və mədəniyyət üzərində qurulan əlaqələr müzakirə olundu. Həmçinin I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” adlı panel iclasda Türk dünyasının ortaq mədəni dəyərləri ilə bağlı maraqlı fikirlər səsləndirildi.
Ümumiyyətlə, V Antalya Diplomatiya Forumunda iştirak bir daha göstərdi ki, Azərbaycan dünyada baş verən proseslər fonunda passiv mövqedə deyil, fəal və təşəbbüskar siyasi aktor kimi çıxış edir. Əsas mesajları sülh, təhlükəsizlik və inkişaf olan bu forum ölkəmizin regional və qlobal siyasətdə rolunu daha da artırdı.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
Digər xəbərlər