NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Ankarada Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü qeyd olunub

...

Oktyabrın 18-də Ankaradakı “Qarabağ” Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Türkiyə parlamentinin deputatları, siyasi partiyaların, TÜRKSOY-un əməkdaşları iştirak ediblər.
"Şərq qapısı" xəbər verir ki, paytaxtın Oran rayonunda keçirilən tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Azərbaycanın Türkiyədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dünyası Parlamentarilər Fondu və digərləridir.
İştirakçılar Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
TADİV-in rəhbəri, professor Aygün Attar 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının tarixi əhəmiyyətindən danışıb.
“Azərbaycan artıq 33 ildir müstəqil dövlətdir. Bu müddət ərzində çox böyük inkişaf yolu keçib. Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti sayəsində ölkə dövlətlər ailəsinin mühüm üzvü kimi qəbul edilir”, - deyə Attar vurğulayıb.
O, tədbir iştirakçılarını TADİV-in fəaliyyəti barədə məlumatlandırıb, rəhbərlik etdiyi strukturun Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə real töhfələr verdiyini qeyd edib.
Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) deputatı, professor Filiz Kılıç müasir Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
“Biz Ankaranı Bakıdan, İstanbulu Şuşadan ayırmırıq. “Mən Ali Baş Komandan, Prezident İlham Əliyevə və İkinci Qarabağ Müharibəsində tarixi qələbə qazanan Azərbaycanın bütün qəhrəmanlarına minnətdarlığımı bildirirəm”, – deyə türkiyəli parlamentari bildirib.
O xatırladıb ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və olacaq. Necə ki, Azərbaycan övladları Balkan müharibəsi cəbhələrində, Çanaqqalada döyüşüblər, eləcə də Türkiyə oğulları Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana yardıma gəliblər, bu gün də biz Azərbaycana əl uzatmağa hazırıq”, - deyə Kılıç bütün toplaşanları Şuşanı ziyarət etməyə çağırıb.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, vəkil Zeynep Yıldız türk dövlətlərinin həmrəyliyinin əhəmiyyətindən danışıb. “Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizə göstərdi ki, türk dünyasının birliyi istənilən maneələri aradan qaldırmağa qadirdir”, - deyə Yıldız bildirib.
Millət vəkili vurğulayıb ki, müasir Azərbaycanın əhəmiyyəti və çəkisi bütün platformalarda hiss olunur.
Yıldız Türkiyə və Azərbaycan liderləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin türk dünyasının birləşməsi məsələsində siyasətini müsbət səciyyələndirib.
Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Eldar Əliyev tədbir iştirakçılarını Azərbaycan tarixinin əsas mərhələləri haqqında məlumatlandırıb, respublikanın müstəqilliyinin elan edilməsinin əhəmiyyətini qeyd edib.
Diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinlikləri xatırladıb. “Ölkə ərazisinin bir hissəsi işğal olunmuşdu. Qaçqın və məcburi köçkünlərin sayı bir milyon nəfəri ötmüşdü. Buna baxmayaraq, Azərbaycan ayaqda qaldı və tarixi uğurlar qazana bildi”, - deyə diplomatik missiyanın nümayəndəsi bildirib.
Eldar Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin dövlətçiliyinin formalaşmasında və inkişafında rolunu qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən danışıb.
Çoxsaylı Azərbaycan-Türkiyə layihələri, o cümlədən beynəlxalq platformalarda Ankara ilə Bakı arasında sıx qarşılıqlı fəaliyyətə diqqət yönəldilib.
Türk irsinin təbliği, gənc nəsil nümayəndələrinin tarixin şanlı səhifələri haqqında məlumatlandırılmasının zəruriliyi qeyd edilib.

Nəşr edilib : 18.10.2024 20:41