NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Ana südünün əhəmiyyəti” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şahbuz  rayonunun Daylaqlı kəndində “Ana südünün əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Baxışlı açaraq mövzunun əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, komitə tərəfindən keçirilən tədbirin məqsədi körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalanmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır. Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması maarifləndirmə işlərinin əsas hissəsini təşkil edir. Tədbirdə çıxış edən Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin həkim-pediatrı İlkay Əliyeva qeyd edib ki, yeni doğulmuş körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə qidalanması daha məqsədə uyğundur. Ana südü körpə üçün ən sağlam qidadır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Nəşr edilib : 02.03.2026 16:51