Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə na...
12:35 02.10.2026
0
0
0
NAXÇIVAN :
02 Oktyabr 2026, Cümə
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə elmi araşdırmalar üçün, o cümlədən Qafqaz Albaniyasının abidələrinin tədqiqi üçün yeni imkanlar yaranıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında məruzə edib. Akademik qeyd edib ki, son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağdakı Gəncəsər monastırını ziyarətindən sonra ermənilərin süni şəkildə yaratdıqları məqsədyönlü hay-küyə cavab olaraq AMEA əməkdaşları elmi həqiqətlərə əsaslanan bəyanat yaydılar. Eyni zamanda, AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, bir sıra vacib məruzələrin dinlənildiyini diqqətə çatdırıb.
Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın bu istiqamətdə uzun illər araşdırmalar apararaq mühüm elmi nəticələr ortaya qoyduğunu, həmin tədqiqatların nəticələrini və faktoloji materialları inkar etməyin mümkün olmadığını söyləyib.
Akademik İsa Həbibbəyli son illər Azərbaycanda Qafqaz Albaniyası üzrə yeni nəsil tədqiqatçıların yetişdiyini vurğulayıb, AMEA-nın Arxeologiya və Antropologiya, Tarix və Etnologiya institutlarında bu istiqamətdə aparılan araşdırmaları yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda sözügedən institutlarda Qafqaz Albaniyası ilə bağlı şöbələr fəaliyyət göstərir və Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji, Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri tərəfindən isə yazılı mənbələr əsasında Qafqaz Albaniyasının tarixi öyrənilir.
Akademiyada Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsinin başlandığını diqqətə çatdıran AMEA rəhbəri Qarabağ ərazisində yerləşən alban abidələrinin araşdırılması, onların fotoşəkillərinin çəkilməsi və siyahıya alınması məqsədilə Tarix və Etnologiya İnstitutunun əməkdaşları üçün də elmi ekspedisiyaların təşkil olunacağını söyləyib.
İsa Həbibbəyli, həmçinin Fəridə Məmmədovanın və digər alimlərin əsərləri əsasında 2027-ci ildə “Elm” nəşriyyatında “Qafqaz Albaniyası” adlı tanıtma kitabının hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, nəşrdə Qafqaz Albaniyasının tarixi inkişaf mərhələləri, hökmdarları, mədəniyyəti və abidələri haqqında əsas məlumatlar əksini tapmalı, kitab Azərbaycan və ingilis dillərində çap edilərək dünyaya tanıdılmalıdır.
AMEA rəhbəri çıxışının sonunda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi və təbliği ilə bağlı geniş tədbirlər planının hazırlanmasının vacibliyini bildirib.
Digər xəbərlər