NAXÇIVAN :

13 May 2026, Çərşənbə

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

...

AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.27 Dissertasiya Şurasının ilk iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda yeni yaradılmış Dissertasiya Şurasının tərkibi, fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr haqqında məlumat verilib. Dissertasiya Şurasının sədri filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2026-cı il 18 mart tarixli əmri ilə AMEA Folklor İnstitutunun nəzdində 5716.01 – “Azərbaycan ədəbiyyatı” və 5719.01 – “Folklorşünaslıq” ixtisasları üzrə filologiya elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili məqsədilə FD 1.27 Dissertasiya Şurası yaradılıb.

İclas zamanı şuranın və həmin ixtisaslar üzrə fəaliyyət göstərəcək elmi seminarların tərkibi barədə məlumat verilib. Bildirilib ki, bu seminarların fəaliyyəti dissertasiya işlərinin elmi ekspertizasının keyfiyyətinin artırılması və müasir elmi meyarların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Hikmət Quliyev vurğulayıb ki, ölkədə folklorşünaslıq sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirən əsas elmi müəssisə kimi AMEA Folklor İnstitutu bu istiqamətdə Dissertasiya Şurasının fəaliyyət göstərdiyi yeganə qurumdur. Qeyd olunub ki, bu amil institutun və Dissertasiya Şurasının üzərinə xüsusi məsuliyyət qoyur, elmi ekspertiza və elmi rəhbərlik prosesində akademik meyarların tətbiqini zəruri edir.

Şura sədri Hikmət Quliyev çıxışında doktorant və dissertantlarla işin keyfiyyətinin yüksəldilməsinin prioritetlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, prioritet mövzuların seçilməsi, elmi rəhbərlərin peşəkar yanaşma əsasında təyin olunması və tədqiqat prosesinin elmi-metodoloji baxımdan düzgün istiqamətləndirilməsi gələcək elmi nəticələrin keyfiyyətinə birbaşa təsir göstərir.

Dissertasiyaların ilkin müzakirə mərhələsinin daha keyfiyyətli və səmərəli təşkili məqsədilə institutda şöbələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin aidiyyəti sahələr üzrə mütəxəssislərin müzakirə proseslərinə daha fəal şəkildə cəlb olunmasının elmi ekspertizanın obyektivliyinin təmin edilməsinə və elmi nəticələrin daha dolğun qiymətləndirilməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Hikmət Quliyev müasir beynəlxalq elmi mühitdə folklorşünaslıq sahəsində multidisiplinar nəzəri-metodoloji yanaşmaların genişləndiyini, ənənəvi filoloji modellərlə müqayisədə sosial-antropoloji və sosial-mədəni yanaşmaların ön plana çıxdığını xüsusi vurğulayıb. Alim qeyd edib ki, bu çağırışlar nəzərə alınaraq 2026-cı ildə AMEA Folklor İnstitutunun elmi istiqamət və problemlərinin müəyyənləşdirilməsində sosial-antropoloji folklorşünaslıq yanaşmaları prioritetlərdən biri kimi qəbul olunub.

Bununla yanaşı, Dissertasiya Şurasının fəaliyyətinin ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”ının müddəa və tələblərinə uyğun şəkildə qurulacağı, elmi fəaliyyətin təşkilində şəffaflıq, akademik etika və elmi obyektivlik prinsiplərinin əsas götürüləcəyi diqqətə çatdırılıb.

İclas zamanı müasir dövrdə elmi ekspertiza işinin əvvəlki mərhələlərlə müqayisədə daha mürəkkəb xarakter aldığı da xüsusi qeyd olunub. Bildirilib ki, elmi-tədqiqat fəaliyyətində süni intellekt alətlərindən sui-istifadə hallarının müəyyənləşdirilməsi, iddiaçıların təqdim etdikləri dissertasiya işlərində müəlliflik səviyyəsinin üzə çıxarılması, irəli sürülən elmi nəticələrin orijinallığının və elmi yeniliyinin obyektiv şəkildə qiymətləndirilməsi ekspertiza prosesinin mühüm istiqamətlərindən birinə çevrilib.

Gündəlikdə müzakirə olunan məsələlərdən biri də elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili ilə bağlı olub. Qeyd edilib ki, növbədə olan elmlər doktorluğu müdafiələri yeni şuranın bazasında yaradılacaq Birdəfəlik Dissertasiya Şuralarında həyata keçiriləcək və bununla bağlı aidiyyəti üzrə müvafiq qaydada vəsatət qaldırılacaq.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Nəşr edilib : 13.05.2026 17:45