NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Adını zəfər dastanına yazan qəhrəman

...

Deyirlər ki, Tanrı öz süfrəsinə qo­naq edəcəyi igidləri seçəndə bunu onların özləri də hiss edir. Əli də duymuşdu, bəlkə də, bunu ki, son zəngini etmək üçün zabit yoldaşlarından ayrılmış evlərinə zəng vurub əzizlərinin səsini eşitmək istəmişdi. Anası Nailə xanıma “Darıxma tezliklə gələcəyəm”, – demişdi, bəklə də, son sözlərini söyləmişdi. “Bu gün hər dəfə telefonun zəng səsini eşidəndə tələsik evə girirəm, bəlkə, Əlinin yarımçıq qalan zəngi gəldi deyə. Qulağım səsdə qalır elə hey”, – deyir Nailə xanım. “Onun məzarı başında dayananda səsini duyuram sanki. Bitməyən cümlələrini tamamlayır Əli. Deyir ki, nigaran qalma ana, düşünmə ki, mənim adımı yaşadacaq övladım yoxdur. Qəm yemə, mən Laçında doğulan azad Vətən övladlarının nəfəsində yaşayacağam. Şuşada açan xarıbülbülün ətrində duyulacağam”.

Şəhidin atası Cavad Əliyev oğlunun hərb sənətini necə sevdiyini, dostu Elçinlə bərabər hərbi liseydə təhsil aldıqları illərdə necə həvəslə təhsillərini davam etdirməyə can atdıqlarını bildirir. Deyir ki, Əli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Hərbi Akademiyasında təhsilini davam etdirdi. Peşəsini daha da təkmilləşdirmək üçün Türkiyə Respublikasında Səhra Komanda Birliyində uğurla iştirak etdi, “yaşıl beret” aldı, 2019-cu ildə leytenant hərbi rütbəsi ilə xidmətə başladı. Əli Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşüb, qəhrəmanlıq göstərib. Gənc zabit “Qisas” əməliy­yatının yerinə yetirilməsində də fəal iştirak edir, Fərrux yüksəkliyinin işğaldan azad olunmasında vuruşur, yaralanır, sağlamlığına qovuşduqdan sonra yenə silah yoldaşlarının yanına qayıdır. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Əli Cavad oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Onun mübarizə əzmi dövlətimiz tərəfindən qiymətləndirilib – “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı”, “Xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Vətən müharibəsindən sonra onun qanlı döyüşlərdən çıxıb evimizə qayıtması ən böyük sevinc olmuşdu hamıya. Onun toyunu görməyi arzulayırdıq, ancaq o, bəy köynəyini kəfənlə, bəy taxtını Vətən torpağı ilə əvəz etdi. Qismətində adını Vətən tarixinin səhifələrinə əbədi olaraq yazmaq var imiş. Bu gün onlarla təkcə öz ailələri yox, bütün Azərbaycan qürur duyur. Yüz illər gəlib keçəcək onlar əbədi olaraq yaşayacaqlar.

Bəli, onlar yaşayacaq, Laçında qurulan toy-büsatda, Zəngilanda doğulan körpələrin nəfəsində, Şuşada dalğalanan ay-ulduzlu bayrağın al rəngində.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 13.09.2025 11:10