NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Adil Babayevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair, dramaturq, publisist  A.Babayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Təzədən doğulur şair ölən gün”  adlı  tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri üzrə iş şöbəsinin müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, Adil Babayev müasir Azərbaycan poeziyasının önəmli nümayəndələrindən biri olub, yaradıcılığı ilə oxucuları düşündürən və dərin fəlsəfi məsələlərə toxunan bir şairdir. O, ədəbiyyatın yalnız gözəl ifadə vasitəsi deyil, həm də cəmiyyətin, insanın daxili dünyasının və mənəvi inkişafının əks olunduğu bir sahə olduğunu vurğulamışdır.                                                            
Tədbirdə Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar  “Adil Babayevin yaradıcılıq yolu ” adlı çıxışında  bildirib ki, Adil Babayevin poeziyası, müasir Azərbaycan şeirinin incə və fəlsəfi tərəfini əks etdirən, eyni zamanda cəmiyyətin sosial və mədəni məsələlərinə də toxunan bir yaradıcılıqdır. Onun şeirlərində insanın öz varlığını axtarışı, həyatın mənası və bəşəri dəyərlər haqqında dərin düşüncələr təqdim olunur. 
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universitetinin müəllimi Aypara Behbudova çıxış edərək diqqətə çatdırıb ki, ən əsas xüsusiyyətlərindən biri Adil Babayevin insan ruhunun hər kəsə tanış olan çətinliklərini və ümidlərini sərbəst bir şəkildə dilə gətirməsidir. 
  Sonda mövzu ətrafında müzakirələr aparılıb, videoslayda və sərgiyə baxış keçirilib.

Nəşr edilib : 28.01.2025 22:55