NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Abdullah Eren: Kiçik büdcələrlə böyük işlər görmək mümkündür

...

Müasir dünyada əsas məqsədlərdən biri uşaqların və gənclərin gələcəyin tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsidir.

"Şərq qapısı" xəbər verir ki, bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimində deyib. O bildirib ki, bəzən böyük nəticələr əldə etmək üçün geniş maliyyə imkanlarından daha çox, insanlara fayda verən layihələrə ehtiyac var.

“Bəzən kiçik büdcələrlə böyük işlər görmək, ürəklərə yol tapmaq daha çətindir. Biz birlikdə bunu bacarırıq”, - deyə Abdullah Eren vurğulayıb.

TİKA rəhbəri Bakı Türk Anadolu Liseyində fəaliyyət göstərən müəllimlərin əməyini də yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan və Türkiyədən olan müəllimlər burada şagirdlərin təhsilinə və inkişafına töhfə verirlər: “Buradakı övladlarımızı yetişdirirsiniz. Biz də sizə dəstək oluruq”.

O, məktəbdə Robotik kodlaşdırma laboratoriyasının yaradılmasının şagirdlərin mühəndislik və texnologiya sahələrində praktiki biliklər qazanması baxımından əhəmiyyətini vurğulayıb.

Abdullah Eren laboratoriyanın TİKA-nın Bakı ofisinin koordinasiyası ilə yaradıldığını bildirib və layihənin şagirdlər üçün faydalı olacağına əminliyini ifadə edib.

Nəşr edilib : 10.09.2026 16:21