Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Bu dəfə yolumuzu yenidən Naxçıvan şəhərinin ürəyi sayılan, xalq arasında “57 bazarı” kimi tanınan həmin canlı və qaynar məkana saldıq. Novruz bayramı ərəfəsində şəhərin ritmi sanki bu bazarla döyünür. Hər kəs alış-verişdə, hər kəs bayrama hazırlıq həyəcanındadır. Hiss olunur ki, bu sadəcə, adi bir gün deyil, baharın gəlişinə sayılı günlərin qaldığı, ümidlərin, niyyətlərin və ənənələrin canlandığı bir vaxtdır. Bazarın meyvə-tərəvəz satılan bölümünə daxil olan kimi rənglərin, qoxuların və səslərin ahəngi adamı öz sehrinə salır. Bir tərəfdə təravəti ilə gözoxşayan yamyaşıl göyərtilər, səliqə ilə düzülmüş çərəzlər, sarı-qırmızı çalarlarda parıldayan bibərlər, qıpqırmızı narlar və al-əlvan almalar… Bir az kənarda isə qızılı rəngə çalan armudlar günəş işığında sanki daha da parlaqlıq qazanır. Amma bu rənglərin hər biri artıq təkcə məhsul deyil, süfrələrə gedəcək, səməni ilə yanaşı düzüləcək, bayram axşamlarının bəzəyinə çevriləcək nemətlərdir.
Şübhəsiz ki, bazarın xüsusi guşələrindən birində Novruzun ruhunu daşıyan səmənilər yer alıb. Balaca qabların içində boy atmış o zərif, yamyaşıl səmənilər sanki baharın canlı rəmzi kimi insanlara göz qırpır. Onların üzərinə bağlanmış qırmızı lentlər, qoyulmuş şamlar, bəzən isə xırda bəzəklər bu sadə bitkini bir bayram simvoluna çevirir, ona bir məna yükləyir. Hər kəs səməni seçərkən sanki təkcə bir bəzək əşyası almır, evinə bolluq, bərəkət və yeni başlanğıcların ümidini aparır. Satıcıların səməniləri təqdim etməsi də ayrıca bir mənzərədir. Elə hiss olunur ki, onlar sadəcə, satış etmir, bayramın bir parçasını insanlara ötürürlər. Bir tərəfdə isə bu qarışıq rənglərin və uğultuların içindən bir səs yüksəlirdi: “Gəl ay müştəri, Ordubad sucuğundan qalmadı!” Bu çağırışlar bazarın ayrılmaz musiqisinə çevrilib. Digər tərəfdə isə satıcılar bizi mehribanlıqla öz piştaxtalarına səsləyir, hərəsi öz məhsulunu göstərmək üçün sanki yarışa girir. Bu yarışda qazanan isə təkcə alıcı yox, bayramın özüdür.
Havada yalnız ticarətin deyil, bayramın qoxusu var. Təzə bişmiş şirniyyatların, çərəzlərin, təzə göyərtinin qoxusu bir-birinə qarışaraq sanki Novruzun gəlişini xəbər verir. Hər kəsin əlində torbalar, ürəyində isə bayram sevinci var. Bayram təbriklərinin havada uçuşduğu bir vaxtda, Naxçıvan bazarı da bu təbriklərə özünəməxsus axıcılığı və ahəngi ilə qoşulur. “Bayramınız mübarək!”, “İlaxır çərşənbəniz xeyirli olsun!” kimi sözlər insanların sədası arasına qarışaraq bu məkanı daha da canlandırır. İnsanların üzündəki təbəssüm, satıcıların səmimi münasibəti bizim də üzümüzdə bir gülüş yaradır. Bu gülüşlər Novruzun gətirdiyi birlik, paylaşma və sevinc hissinin təzahürüdür. Bir kənarda dayanan satıcı dayı bizi səsləyib hansı mediadan gəldiyimizi soruşur, “Şərq qapısı” cavabını eşidən kimi isə üzündə xüsusi bir ifadə yarandı: “Şərq qapısı” çoxdanın qəzetidir, yaşı çoxdur...” Bu sözlərdə bir hörmət, bir yaddaş, bir bağlılıq var. O an hiss etdik ki, bu qəzet insanların yaddaşında yaşayan bir tarixdir. İndi o tarix məhz belə bayram günlərində, xalqın içində daha canlı hiss olunur.
Bazar getdikcə daha da dolur. İnsan axını artdıqca piştaxtalara yaxınlaşmaq belə çətinləşir. Satış sürətlənir, boşalan yerlər dərhal yenidən dolur. Sanki hər kəs bayram süfrəsini daha bol, daha bərəkətli etmək üçün tələsir. Sonuncu dəfə bu məkana çəkiliş üçün fotomüxbirimiz Zülfüqar Qurbanlı ilə bazarın çölündə yerləşən gecə bazarını çəkmək üçün gəlmişdik. O zamanın sakit, amma özünəməxsus sehrli atmosferi hələ də yaddaşımızdadır. Bu gün isə başqa bir heyətlə, fotomüxbirimiz Amin Əjdərli, videoqrafımız Səhnə Tağızadə və qələm yoldaşlarımla birlikdə eyni məkana yenidən qayıtmışdıq. Düzünü desəm, burada dəyişməyən bir şey var idi: insanların isti münasibəti. Amma bu dəfə həmin səmimiyyət bayramın verdiyi sevinc ilə daha da artmış, ikiqat mehribanlığa çevrilmişdi. Naxçıvan bazarı bu gün, sadəcə, satış keçirilən bir məkan deyildi… Novruzun nəfəsini daşıyan, baharın gəlişini hər küncündə hiss etdirən, insanların sevincini bir-biri ilə paylaşdığı canlı bir səhnəyə çevrilmişdi. Burada hər addımda hiss olunurdu ki, bayram artıq qapıdadır...
Rafiq TƏHMƏZ
Fotolar: Amin Əjdərli
Digər xəbərlər