Milli Məclisdə Hesablama Palatasının hesabatı dinl...
12:12 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Dünya özü ilə gözəldir. Gözəl əməllərlə, xeyirxah işlərlə həyat daha da maraqlı olur, dünya günü-gündən gözəlləşir. Bəşər övladı dünyaya gəldiyi ilk gündən dünyanı tərk edib axirət evinə gedənə qədər həyatda yaşamaq üçün mübarizə aparır,həyatın sınaqlarına sinə gərir. Həyat mübarizədir. Bu mübarizədə səbirli, dözümlü, gələcəyə ümidli adamlar hər zaman qalib gəlir. Yaşadığı ömürdə etdiyi əməllərlə yaddaşlarda yaşayır.
Mən bu yazımda yaddaşlarda yaşayan, ruhu hər zaman bizimlə olan, canları, qanları ilə tarix yazan bizə bütöv Azərbaycan adlı bir məmləkəti bəxş edən, 44 günlük müharibədə 30 illik həsrətə sonqoyan qeyrətli Vətən oğullarından danışmaq istəyirəm. Elə oğullar ki, gözlərini belə qırpmadan “Qarabağ Azərbaycandır” çağırışına qoşuldular. Vətəni öz həyatlarından, arzularından uca tutdular. Adını tarix kitablarından oxuduqları, görmədikləri bir torpağı işğaldan azad etdilər. Bir elin şərəfini, namusunu özünə qaytardılar. Dilimizin leksikasında sözlərdən seçilən bir söz –“Şəhid” məfhumu səsləndi. Hər zaman əngin səmalarda dalğalanan üçrəngli bayrağımız onlar üçün kəfən, müqəddəs Vətən torpağımız əbədilikməskən, himnimiz ana laylası oldu. Vətən torpağının həzin melodiyası onları öz ağuşuna aldı.
Yazımın qəhrəmanları əbədiyaşarlıq qazanan şəhidlərimizdir. Şəhidin doğulduğu yer ona behiştdir, aldığı nəfəs cənnət qoxulu gülabdır, adı ucalardan ucadır.Millətlər içərisində seçilən öz milli dəyərlərinə hörmətlə yanaşan keçmişdən qaynaqlanıb gələcəyinə ümidlə baxan Azərbaycan adlı bir məmləkətin övladı olmaq böyük şərəfdir. 3000 oğul şəhadət şərbətini içdi, Vətənin azadlığı üçün canını fəda etdi, qan tökülərək azadlıq əldə olundu.
Vətənin çağırışına hay verənlərim,
Ömrünü xalqına bəxş edənlərim,
Vətənçün yaşayıb, vətənçün ölən,
Şəhidlik zirvəsinə ucalanlarım.
Şəhidlik elə bir zirvədir ki, onun fəthi izahsız, şərhsiz insanın daxilindən qopub gəlir. Onun qarşısını heçnə dayandıra bilmir. Könüllü döyüşə gedənlərin heç biri bu yolun sonu haqqında düşünmürdü.Deyə-gülə maşınlara minib cəbhə bölgəsinə gedənlərin çoxu bunu öz ailələrindən belə gizlədirdilər.Özləri öz narahatlığını qəbul edərək başqalarının əzab çəkməsini istəmirdi. Hər şeylərini Allaha əmanət edib Vətən naminə döyüşə yollanırdılar. Arxada qoyduğu ailəsi,uşaqları,sevdiyi onun üçün ön plana keçirdi. Əgər Vətən dardadırsa, onu xilas etmək vacibdir. Ürəyində Vətən sevgisi olmayanın Vətən haqqında danışmağa haqqı yoxdur. Biz bu Vətənin övladlarıyıq, canımızla, qanımızla Vətənə borcluyuq. Elə bu borcuda özümüzü Vətənin azadlığı yolunda olmaqla ödədik.
Ailəmizə, elimizə başucalığı gətirdik. Neçə illik iztiraba son qoyduq. Vətən həsrətli ağsaqqal, ağbirçəklərimiz neçə illik ayrılıqdan sonra həsrətində olduqları yaşayış yerlərinə yenidən qovuşdular. Onların ruhları canlandı, keçmiş xatirələrə qovuşduqları üçün özlərini xoşbəxt saydılar. Haqqında yana-yana danışdıqları torpaqlara nəvə-nəticələri ilə getmək onlar üçün böyük təsəlli oldu. Yurd yerləri dağılsada, ev-eşikləri talan olsada, onları oraya səsləyən bir sevgi, bir bəşəri duyğu vardı. O sevginin adı Vətən sevgisidir, onu nə unutmaq, nə də yaddan çıxarmaq olar.
Arzusu, istəyi gözündə qalan,
Bu gözəl həyatdan heç kam almayan,
Doğma Vətənini, doğma elini,
Öz şirin canından çox əziz bilən.
Sizlər bu ruhla döyüşlərə qatıldınız. Yeganə məqsəd işğal olunmuş torpaqları azad etmək idi. Döyüşlərə qoşulanda gördüyünüz viran olan yerlər, dağıdılmış məzarlıqlar, uçub-sökülən evlər sizin düşmənə olan nifrətinizi daha da artırdı. Heç nədən qorxmadan, çəkinmədən inamla irəli addımladınız. Hər telefon danışığında arxada qalan əzizlərinizə təskinlik verdiniz, qələbənin bizim olacağına onları inandırdınız. Elə bu qüvvə, bu ruhda sizi yenilməz etdi. Döyüşdə düşmən tərəfdə qalan yoldaşlarınızı çəkinmədən, qorxmadan xilas etdiniz. Elin dar günündə bir-birinizə arxa dayaq oldunuz. Emin bilirdi ki, o anasının yeganə ümid yeri, onu həyatda yaşadan qüvvədir. Anası ilə danışanda çalışırdı ki, onu inandıra bilsin ki, qələbə bizim olacaq. Mühasirəyə düşəndə də fikri anasının yanında qalırdı. İmkan düşən kimi ona zəng edirdi. “Anam təkdir?” sualı onu narahat edirdi.
Anam təkdir necə olacaq sonu?
İndi el anası bilirlər onu,
Geysədə əyninə o qara donu,
Səninlə fəxr edir anan, ay Emin,
Qarabağ azaddır sən buna sevin.
Emin kimi oğulların anası tək qalmaz. Onların həyatına həyat qatan oğulları unutmağa bizim haqqımız yoxdur. Biz aldığımız nəfəsidə onlara borcluyuq. Elə bu borca görə də onların əmanətləri bizim baş tacımızdır. İndi şəkillərlə bəzədilən evlər müqəddəs ziyarətgah yerlərinə çevrilib. Hətta balaca uşaqlar da o evlərə həsətlə baxır, oraya girməyi arzulayırlar. Şəhid evləri hamının ehtiramla baxdığı bir yerdir. Şəhidlərimiz arasında elələri varki, onlar yaralı-yaralı döyüşə giriblər, döyüş yoldaşlarını ruhlandırmaq üçün onlardan qabaq meydana atılıblar. Çünki onların damarlarında oğuz igidlərinin qanı dövr edir. Bizdə insanlığa hörmət, milli dəyərlərə böyük sayğı var. Göz açıb gördüyümüz ailə dəyərləri bizlərə böyük insani keyfiyyətlər aşılayıb. Ruhumuz birlik, vətənpərvərlik hissləri ilə böyüyüb. Nicat Məmmədov təhsilli hərbçi olub. Döyüşə qatıldığı ilk gündən həyat yolu fərqli olub. Onun nəzərində mənim sözü olmayıb, qəlbinə bizim məfhumu hakim kəsilib. Elə buna görə də özünü minamyot atəşinin qabağına atıb, 30 nəfər yoldaşının həyatını xilas edib. Əsl vətənpərvərlikdə elə budur. Özün olmasanda, sənin etdiyin əməllər hər zaman yaşayacaq, xalqın səni ehtiramla yad edəcək.
Siz elə zirvəyə ucalmısınız,
O zirvə Sizləri yaşadacaqdır.
Gördüyünüz işlə hər vaxt anılıb,
Gələcək nəsilə örnək olacaqsınız.
Sizlərin yolu Polad Həşimov,Mübariz İbrahimov kimi cəsurların yoludur.
Bu il Zəfər bayramının 5 ili tamam olur. Zəngəzur dəhlizinin açılmasına sayılı günlər qalır. Naxçıvan neçə illik blokada vəziyyətindən çıxaraq, Şərqin qapısında parlayan mayak kimi dünyaya işıq saçacaq.Ümummilli Liderin layiqli davamçısı Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız öz milli dəyərlərini hər zaman qoruyub saxlayacaq.
Zəfərin mübarək Azərbaycanım!
Sənə qurban olsun bu canım mənim.
Ölkələr içində seçilən ölkəm,
Sənin varlığınla daim sevinim.
Aytac CÜMŞÜDOVA
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Energetika mühəndisliyi üzrə II kurs tələbəsi
Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir
Digər xəbərlər