Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinə həsr...
20:09 26.09.2026
0
0
0
NAXÇIVAN :
26 Sentyabr 2026, Şənbə
27 sentyabr Azərbaycan xalqının yaddaşında həm Vətən müharibəsinin başladığı gün, həm də şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olan Anım Günü kimi xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si hər il ölkəmizdə “Anım Günü” kimi qeyd edilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda tarixi mərhələ oldu.
Anım Gününün mahiyyəti yalnız bir tarixi hadisəni xatırlamaqla məhdudlaşmır. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir. Bu tarix xalqımızın Vətən uğrunda canından keçən övladlarının qəhrəmanlığını ehtiramla yad etmək, onların müqəddəs xatirəsini yaşatmaq baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.
Vətən müharibəsinə aparan proseslər uzun illər ərzində formalaşmış mürəkkəb tarixi-siyasi şəraitlə bağlı idi. 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən azərbaycanlı əhalinin deportasiyası, 1980-ci illərin sonlarında isə Ermənistan ərazisindən azərbaycanlı əhalinin kütləvi şəkildə çıxarılması ağır humanitar nəticələr doğurdu. 1988-ci ildən etibarən Qarabağ ətrafında yaranan münaqişə genişmiqyaslı silahlı qarşıdurmaya çevrildi və yüz minlərlə azərbaycanlının doğma yaşayış yerlərindən didərgin düşməsi ilə nəticələndi.
1992-ci ildə Xocalıda baş verən faciə bu münaqişənin ən ağır səhifələrindən biri oldu. Rəsmi məlumatlara görə, Xocalı faciəsi nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib, çox sayda insan girov götürülüb. Həmin ilin fevralında Qaradağlı kəndində baş verən qətliam da xalqımızın yaddaşında dərin iz buraxan faciəli hadisələrdəndir.
Münaqişənin həlli üçün beynəlxalq səviyyədə müxtəlif təşəbbüslər irəli sürülsə də, uzun illər ərzində siyasi həll mümkün olmadı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunur və işğal olunmuş ərazilərdən qoşunların çıxarılması tələb edilirdi. Lakin bu tələblər yerinə yetirilmədi.
Azərbaycan xalqı isə öz ərazi bütövlüyünün bərpası məqsədindən heç vaxt imtina etmədi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərdi. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun və digər hərbi qulluqçuların şəhid olması xalqımızda böyük həmrəylik və Vətənə bağlılıq hisslərini daha da gücləndirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixində misilsiz Zəfərlə nəticələndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, Hadrut qəsəbəsi və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması Zəfərin mühüm mərhələsinə çevrildi. Noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı.
Sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçdi. Bununla Azərbaycanın qarşısında yeni tarixi mərhələ – işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış vəzifəsi dayandı.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin suverenliyinin bütün ərazidə bərpası istiqamətində mühüm mərhələ oldu. 24 saatdan az davam edən tədbirlər nəticəsində qarşıya qoyulan əsas vəzifələr yerinə yetirildi və sentyabrın 20-də atəşkəs əldə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün xalqa müraciətində antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa edildiyini bildirdi.
Vətən müharibəsi və sonrakı hərbi-siyasi proseslər Azərbaycanın qarşısında yeni tarixi mərhələ açdı. Bu Zəfərin əldə olunması Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın milli birliyi və dövlətimizin qətiyyətli iradəsi hesabına mümkün oldu. Müharibə və sonrakı proseslər zamanı hərbi qulluqçularımızla yanaşı, mülki əhali də itkilərlə üzləşdi.
Zəfərin yaddaşlarda yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində də mühüm işlər görülür. Bakıda Hərbi Qənimətlər Parkı, Zəfər parkı və Zəfər Muzeyinin yaradılması Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Zəfərdən sonrakı dövr Azərbaycanın qarşısında tamamilə yeni vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da bu ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoymasının mühüm göstəricilərindən oldu.
Böyük Qayıdışın ilk ünvanı Zəngilan rayonunun Ağalı kəndi oldu. 2022-ci ildə keçmiş məcburi köçkünlərin Ağalıya qayıdışı ilə doğma torpaqlara dönüş yeni mərhələyə qədəm qoydu. “Ağıllı kənd” layihəsi əsasında burada yaradılan müasir yaşayış mühiti Böyük Qayıdışın mahiyyətini – insanların təkcə torpaqlarına deyil, təhlükəsiz, müasir və layiqli həyata qayıdışını nümayiş etdirdi.
Bu gün Böyük Qayıdış daha geniş coğrafiyanı əhatə edir. Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl, Zəngilan və digər yaşayış məntəqələrində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və digər infrastruktur obyektləri yaradılır. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu ərazilərdə dayanıqlı məskunlaşmanın və sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçürülməsi deyil. Bu, uzun illərdən sonra həmin torpaqlarda yeni həyatın qurulması, şəhər və kəndlərin yenidən dirçəldilməsi, insanların öz doğma yurdlarında gələcəyə inamla yaşaması deməkdir. Bu baxımdan, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin, sosial obyektlərin və iqtisadi fəaliyyət sahələrinin yaradılması qayıdışın davamlı xarakter daşımasına xidmət edir.
Rəsmi məlumatlara əsasən 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 mindən artıq insanın qayıdışının təmin edilməsi nəzərdə tutulur. Bu göstərici Böyük Qayıdışın miqyasını və qarşıda duran vəzifələrin genişliyini göstərir.
Beləliklə, 27 sentyabr Azərbaycan xalqının yaddaşında yalnız Vətən müharibəsinin başladığı tarix kimi deyil, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadıldığı, milli həmrəyliyin və dövlət iradəsinin təcəssüm etdiyi əlamətdar gün kimi qalacaq. Bu tarixdən başlayan yol Vətən müharibəsinin Zəfərinə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə və Böyük Qayıdışa uzanır.
27 sentyabrdan Böyük Qayıdışa – bu ifadə Azərbaycanın son illərdə keçdiyi tarixi yolun mahiyyətini özündə əks etdirir. Bu, şəhidlərimizin müqəddəs xatirəsindən Zəfərə, Zəfərdən suverenliyimizin tam bərpasına, oradan isə quruculuğa və doğma torpaqlara Böyük Qayıdışa aparan yoldur. Bu yol Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və gələcəyə olan inamını nümayiş etdirir.
Bu tarixi gündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, onların hər birinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər