Könüllü gənclər Şəhidlər bağında aksiya keçiriblər...
17:17 22.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğu və tərəqqisini təmin edən başlıca prinsiplərdir. Hər iki amil təkcə dövlətin hüquqi, iqtisadi-siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Severenlik İli” elan edilməsi bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəliklər tələb kimi qarşıya qoyulur.
Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynayır.
2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Artıq beşinci ildir ki, Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Respublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün biz bu ali dəyərləri tam qorumalıyıq. Ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir.
Dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır.
Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ümummilli Lider Heydər Əliyev Konstitusiyada Azərbaycan xalqının Azərbaycan vətəndaşlarından ibarət olmasını nəzərə alaraq deyirdi: “Konstitusiya xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır”.
1995-ci il noyabrın 12-də görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyanın hazırlanması Ümummilli Liderin şah əsəridir. Dahi rəhbər bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarını deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı.
Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını bərpa etmək, suveren Azərbaycanın təməlini qoymaq üçün 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı başladı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun qarşıya qoyulmuş bütün tapşırıqları yerinə yetirməsi nəticəsində Azərbaycan dünya tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Müstəqilliyinin bərpasından sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq təşkilatların təzyiqlərinə məruz qalan Azərbaycan Respublikası müstəqilliyinə və ərazi bütövlüyünə tam qovuşdu. Azərbaycanın şanlı bayrağı bütün ərazilərimizdə dalğalandı. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına böyük Zəfər salnaməsi yazıldı.
Əminik ki, “Konstitusiya və Suverenlik İli” dövlətimizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq, müstəqilliyimizin dönməz və əbədi olmasında böyük rol oynayacaq.
Turan MƏMMƏDLİ
Digər xəbərlər