NAXÇIVAN :

19 Yanvar 2025, Bazar

20 Yanvar – milli kimliyin formalaşması

...

20 Yanvar ölkəmizin tarixində, eyni zamanda dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətkarlıq olmaqla yanaşı, bu tarix Azərbaycan xalqının öz müstəqilliyini və ədaləti bərqərar etməsi uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına, eləcə də Azərbaycan tarixinə əbədi olaraq həkk olunmuşdur.

1980-ci illərin sonlarına doğru sovet ittifaqının tənəzzül çağında olduğu bir vaxtda vəziyyətdən istifadə edən Azərbaycanın tarixi torpaqlarında yaradılmış sovet Ermənistanı 20-ci əsrdə azərbaycanlıların kütləvi deportasiyasından sonra orada qalan azərbaycanlı əhalinin son hissəsi olan 300 min azərbaycanlını öz doğma yurdlarından didərgin salmışdı. Həmçinin Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi nəticəsində muxtar vilayətin idarə müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması millətin səbir kasasını doldurmuşdu. Həmin il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etməsi, Xankəndidə Ermənistan bayrağının dalğalandırması, muxtar vilayətin idarə və müəssisələrinin bütünlüklə Azərbaycanın tabeçiliyindən çıxarılması xalqın etiraz dalğasını daha da alovlandırırdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunları Bakıda müstəqilliyini bərpa etmək, öz suverenliyini əldə etmək, haqqı və ədaləti bərpa etmək  üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Bu qanlı cinayət xalqın azadlıq sevgisini söndürə bilmədi, haqq səsini boğa bilmədi və xalqımız öz qanı bahasına da olsa, dövlət müstəqilliyinə qovuşdu.

1990-cı ilin Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilmiş bir cinayət olmuşdur. 20 Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

Milli kimlik milli düşüncəni, mədəniyyəti, dili, dini, tarixi, vətəndaşlığı, vətənpərvərliyi və milli ideya anlayışlarını ifadə edir. Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərmişdir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilmiş, dönməz xarakter almış və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüş, eləcə də Azərbaycanın müstəqilliyinin bərpasında tarixi dönüş nöqtəsi olmuşdur.

Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirmişdir.

35 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı haqq uğrunda canlarını fəda etmiş Vətən oğulları və qızları öz tarixi mübarizə ənənələrinə sadiqlik nümayiş etdirmişdilər. Bu faciəli gün xalqımızın qəhrəmanlıq tarixində əlamətdar səhifə yazdı. Tariximizdə faciə, o cümlədən “Milli qürur günü” kimi qeyd olunan 20 yanvar 1990-cı ildə Azərbaycan xalqı yaşamağa layiq olduğunu dünyaya çatdırdı. 35 il keçsə də, törədilən bu hadisə öz tarixi mahiyyətini itirməmişdir. Məhz bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində Dəmir Yumruq əməliyyatı ilə başlanan və 44 gün əzmlə davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi, tarixi ədalət bərpa edildi. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bu zəfərlər ilə şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhları şaddır.

Mövlan MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 18.01.2025 18:50