NAXÇIVAN :

01 Fevral 2025, Şənbə

2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

...

Yanvarın 31-də Naxçvan Şəhər İcra Hakimiyyətində “Ümummilli Lider Heydər Əliyev ideyaları ilə inkişaf edən Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, gənclər siyasəti hər bir ölkənin inkişaf strategiyasının ayrılmaz hissəsidir. Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində olmuş və sistemli şəkildə inkişaf etdirilmişdir. 
Ümummilli Lider Heydər Əliyev gənc nəslə qayğısını heç vaxt əsirgəməmiş və 2 fevral 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumunda gənclər qarşısında yeni məqsəd və vəzifələr qoymuşdur. Həmin dövrdə forum gənclərin cəmiyyətin inkişafında daha fəal iştirakını təmin edərək onların hüquqlarını qorumuş və problemlərinə həll yolları tapmaq üçün platforma kimi mühüm rol oynamışdır.
Forumdan bir il sonra 2 fevral 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama  əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş və həmin vaxtdan etibarən MDB məkanında, həmçinin Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq təntənəli şəkildə qeyd edilməyə başlanmışdır. Bu tarixi günün təsis edilməsi dövlətin gənclərə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirilmişdir.
Bu gün ölkə başçısı,  Prezident cənab İlham Əliyev tərəfindən də gənclər siyasəti ardıcıl və sistemli şəkildə uğurla davam etdirilir. Azərbaycan Respublikasında gənclərə geniş imkanlar yaradılır və gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsi üçün müxtəlif proqramlar həyata keçirilir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında vurğulamışdır ki,  Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin ictimai-siyasi və mədəni həyatda fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmış və 2018-ci ildən fond yenidən təşkil edilərək Azərbaycan Respublikası Gənclər Fondu adlandırılmışdır. Ötən ildən isə Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı fəaliyyətə başlamışdır ki, bu da Naxçıvan Muxtar Respublikasında gənclərin inkişafı ilə bağlı gənclər siyasətinin həyata keçirilməsinə dəstək göstərir.
Həmçinin Azərbaycan Respublikasında gənclərin xaricdə təhsil almasına böyük imkanlar yaradılır. Ölkəmizdə gənclərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Eyni zamanda mədəniyyət və idman sahələrində onların iştirakını dəstəkləmək, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmələrinə şərait yaratmaq dövlətin prioritetlərindəndir.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir və Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər qazanmışdır.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Yusif Mirzəzadənın və Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi, yeniyetmə və gənclər arasında kikboksinq üzrə Azərbaycan birincisi İnci Allahverdiyevanın mövzu ətrafında çıxışları dinlənilib.
Çıxışlar dinlənildikdən sonra gənclərin fikir və təklifləri öyrənilib.
Təkliflər dinlənildikdən sonra 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı günün əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Naxçıvan şəhərinin ictimai həyatında fərqlənən bir qrup gəncin təltif edilməsi mərasimi keçirilib və xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 31.01.2025 21:17