NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

15 oktyabr – tarixi seçim

...

Azərbaycanın müasir siyasi tarixində 15 oktyabr xüsusi yer tutur. 2003-cü ilin həmin günü keçirilən prezident seçkiləri ölkəmizin gələcək inkişaf istiqamətinin müəyyənləşməsində, dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm mərhələ oldu. Bu tarix xalqın siyasi iradəsinin ifadəsi olmaqla yanaşı, Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı kimi də tarixə düşdü.

2003-cü il oktyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı müraciət hər bir vətəndaşın yaddaşında dövlətçilik məsuliyyətinin, gələcəyə inamın və siyasi varislik ənənəsinin parlaq nümunəsi kimi yaşayır: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətraflarında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu müraciət Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mahiyyətini, xalqına olan inamını və Azərbaycanın gələcəyinə dair uzaqgörən baxışlarını əks etdirirdi. Heydər Əliyev ömrü boyu olduğu kimi, həyatının bu mühüm məqamında da xalqına gələcəyə aparan yolu göstərir, ölkənin inkişafının və sabitliyinin təmin olunmasında siyasi varisliyin əhəmiyyətini önə çəkirdi.

Heydər Əliyev hər zaman olduğu kimi, yenə də Azərbaycan xalqına düzgün olan yolu göstərərək insanları seçkilərdə onun siyasi kursunun davamçısı olan İlham Əliyevi dəstəkləməyə çağırdı. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan İlham Əliyev dövlət başçısı seçildi. Bununla da müstəqil Azərbaycanın inkişaf tarixində yeni mərhələnin əsası qoyuldu. Məhz həmin seçkilərin nəticəsi olaraq Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevdən sonra hakimiyyətdə özünün inandığı, arxalandığı bir lideri – İlham Əliyevi görürdü.

Dövlət başçısının bu barədə söylədiyi fikirlər də həmin siyasi məsuliyyətin ifadəsidir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”.

Sonrakı illərin hadisələri bu siyasi kursun Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi. Ölkədə iqtisadi potensialın gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi dövlətin strateji hədəflərinə çevrildi. Bu istiqamətdə görülən işlər Azərbaycanın tarixi Zəfərinə aparan yolun mühüm amillərindən oldu.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa olundu. Beləliklə, onilliklər boyu davam edən işğala son qoyuldu, xalqımızın ən böyük arzularından biri gerçəkləşdi. Bu tarixi nəticə dövlətin gücünün, milli birliyin və ardıcıl siyasətin vəhdətini nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız daxili inkişaf göstəricilərini yüksəltmədi. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı, müxtəlif dövlətlərlə əməkdaşlıq edən etibarlı tərəfdaş kimi tanıtdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın azsaylı liderlərindəndir ki, onun bütün istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətin nəticəsi yalnız uğur olub. Bu da hər şeydən əvvəl ondan irəli gəlir ki, Azərbaycan Prezidenti bütün sahələrlə bağlı aydın təsəvvürlərə, biliklərə və baxışlara malikdir. Atdığı hər bir addımın öncə ciddi konseptual əsasları haqqında düşünür, dəqiq hesablamalar aparmağı bacarır. Ən əsası, dövlət və milli maraqlar uğrunda böyük iradə, prinsipiallıq nümayiş etdirir. Bu mənada, artıq bütün dünya liderləri yaxşı bilir ki, Azərbaycan Prezidenti milli maraq məsələlərində heç bir halda güzəştə getmir.

İlham Əliyev prezidentliyinin ilk illərindən Azərbaycanın zəngin və qüdrətli dövlətə çevriləcəyinə inamını ifadə etmiş, bu məqsədə çatmaq üçün xalq birliyinin vacibliyini vurğulamışdır. Dövlət başçısının “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli ölkəyə çevirəcəyik” fikri zaman keçdikcə real nəticələrlə təsdiqini tapdı. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun qurulması, müdafiə qabiliyyətinin yüksəldilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadı.

Hər bir ölkənin inkişafı onun tarixi təcrübəsindən düzgün nəticə çıxarması, müasir çağırışlara uyğun qərarlar qəbul etməsi və gələcək nəsillər üçün dayanıqlı inkişaf imkanları yaratması ilə sıx bağlıdır. Bu baxımdan, 15 oktyabr Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutur. Tarixi seçim xalqın iradəsinin, siyasi varisliyin və dövlətin inkişaf strategiyasının vəhdətini ifadə edir. Bu gün həmin tarixə nəzər salmaq yalnız keçmişi xatırlamaq deyil, həm də Azərbaycanın əldə etdiyi nailiyyətləri dəyərləndirmək, gələcək hədəflərini daha aydın görmək deməkdir.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 15.10.2026 10:33