Muxtar respublikada su ehtiyatları artır
Naxçıvanın bərəkətli torpaqları və zəhmətkeş insanları bu yurd yerini aqrar regiona çevirib. Muxtar respublika əhalisinin mühüm bir hissəsinin kəndlərdə məskunlaşması təsərrüfatın müxtəlif sahələrinin inkişafına təkan verib. Odur ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən muxtar respublikada bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır, müvafiq Dövlət proqramları qəbul edilir. Məlumdur ki, aqrar sektorda məhsuldarlığın artırılmasına təsir göstərən mühüm amillərdən biri də istehsalçıların suvarma suyu ilə təmin olunmasıdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” muxtar respublikada su təhlükəsizliyinin təmin olunması, dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, ilin son aylarından başlayaraq düşən qar və son dövrlərdə qeydə alınan yağıntılar Naxçıvan Muxtar Respublikasının su ehtiyatlarının bərpasına da müsbət təsir göstərir.
Kənd təsərrüfatı naziri təsərrüfatlara və su obyektlərinə baş çəkib
Ötən ilin quraqlıq keçməsi kənd təsərrüfatına da öz mənfi təsirlərini göstərmişdir. Lakin muxtar respublikada su təhlükəsizliyinin təmin olunması ilə bağlı qəbul edilən Tədbirlər Planının icrası istiqamətində başlanılan işlər, habelə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən müvafiq tədbirlər kənd təsərrüfatı istehsalçılarına da stimul verib. Hazırda Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində, ümumilikdə, 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib.
Sonra nazir Ordubad rayonunun Dəstə kəndində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. Görüşdə, əsasən, qurulacaq su infrastrukturuna paralel olaraq kooperativlərin yaradılması, torpaq və su resurslarından səmərəli istifadə olunması məsələləri müzakirə edilib. Ardınca aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.
Mənbəyi Araz çayı olan “Araz-1” və “Araz-2” nasos stansiyalarının yenidənqurma işləri və su xəttinin çəkilişi prosesi ilə də tanışlıq olub. Bu nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır. Hazırda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.
Səfər iştirakçıları Şərur rayonunda kartof, tütün sahələrinə baş çəkib, rayonda su kanallarının mövcud vəziyyəti ilə tanış olub, kənd təsərrüfatı sahələrinə suvarma suyunun səmərəli və itkiyə yol verilmədən çatdırılması üçün görülən işlərlə maraqlanıblar.
Həyata keçiriləcək tədbirlərin başlıca məqsədi torpaqlardan səmərəli istifadə etməklə kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artımına nail olmaq, daxili bazarı qorumaq və kəndlərdə əhalinin məşğulluğunun təmin edilməsidir.