NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ağsaqqal sözü

...

İllər sürətlə bir-birini əvəz edib, əsrlər ötüb, qərinələr keçib, bu yurdun başı üzərindən nə rüzgarlar əsib. Amma bu xalq zamanın məhdudiyyət və çətinliklərinə rəğmən nə milli dəyərlərini, nə böyüyə hörmət anlayışını, nə də ağsaqqal öyüdünü, ağbirçək nəsihətini itirib. Onların xeyir-duasını Tanrıya çatan səda kimi dəyərləndirib. Gənclər ailə quranda böyüklərlə məsləhətləşib. Oğul Vətənə xidmətə yollananda ağsaqqal nəsihətinə, ağbirçək duasına ehtiyac duyub. Bir kənddə problem olanda ağsaqqallar yığışıb həll edib. Gözümüzü açandan belə görmüşük, belə öyrənmişik, belə də davam edirik.

Naxçıvanın sinəsində tarixə meydan oxuyan, əzəmət simvolu Əlincə ucalır. Ucalığını Haçadağdan, əzəmətini bu yurdun insanlarından alıb. Düşmənə sinə gərib, övladlarına sipər olub. Qəhrəmanlıq dastanı kimi eldən-elə dildən dilə keçib. Xanəgahın yaşlı sakinlərindən Yusif Heydərov deyir ki, biz Əlincə adlı ucalığın övladlarıyıq. Günümüz bu qalanın ətrafında keçib. İndi ömrümün ahıl çağındayam. İllərlə zəhmət çəkdiyim bağıma baxmağa gücüm çatmasa da, övladlarıma halal zəhmətdən əl götürməməyi, torpağı boş qoymamağı və dünya malına həris olmamağı tövsiyə edirəm. Bu dünyadan özümüzlə aparacağımız yaxşı və pis əməllər olacaq.

Gərək, yaxşılıq edəsən ki, insanlar səni rəhmətlə analar. Bizim indi insanlıq borcumuz gənc nəslə düzgün yol göstərməkdir. İllərlə biz milli kimliyimizi özündə yaşadan dəyərlərimizi qoruyub saxlamışıq. Sovetlərin ən qatı dövründə belə biz dinimizdən, imanımızdan uzaqlaşmamış, Novruz bayramının adətlərini icra etməkdən zövq almışıq. Əvvəllər bir alma, bir limon ilə gedib yaşlı insanları ziyarət edər, bayramlaşardıq. Bu ənənə uzun illər özünü mühafizə edə bildi. Daha sonra yeni dəb gətirdilər. Düzdür, bəzi kəndlərimizdə bu ənənə yenə də var, amma demək olar ki, çox azdır. Burada məqsəd insanların bir-biri ilə bayramlaşması, sevinclərini bölüşməsi və yaşlı insanları yad etməsidir, belə deyək ki, böyüyə hörmət və ehtiram hissinin nümayişidir. Ona görə düşünürəm ki, gənclərimiz belə gözəl ənənələri qoruyub saxlamalıdırlar. Ənənəni yaradan da, qoruyan da bizik. Dəyərlər maddiyyatla ölçülməz. O, ölçüyəgəlməzdir.

Biz azərbaycanlıların ən gözəl keyfiyyətləridir: qonaqpərvərlik, böyüyə hörmət, ağsaqqal sözünə, ağbirçək nəsihətinə qulaq asmaq. Ömrümün 93-cü baharındayam. Hər cür çətinliklər gördüm, amma heç zaman halal zəhmətdən əl götürmədim. Bu gün də kənd içində alnım açıq, üzüm ağdır. Bir sözümü iki etməzlər. Bu gözəl bayram günündə ölkəmizə sülh, əmin-amanlıq, bolluq arzu edirəm. Gənclərimizə isə tövsiyəm budur ki, onlar üçün yaradılan bu şəraitdən düzgün istifadə etsinlər. O zaman bizlər üçün çox şey əlçatmaz arzu idi.

Bu günün gəncləri isə dünyaya açılıb: ən yaxşı məktəblərdə oxuyur, özlərini inkişaf etdirirlər. 6 il əvvəl bir arzumuz var idi. Bayram tonqalını Qarabağda yandırmaq. Dövlət başçımızı sağ olsun, onun sayəsində arzumuza qovuşduq. Bayram tonqalları bütöv Qarabağda yandırılır. Dünyanın bu qarma-qarışıq vaxtında ölkəmizdəki sabitlik bizim üçün bir nemətdir. Bu nemətin, bu müstəqilliyin, bu gücün qiymətini bilək. Bir olaq, birlik olaq.

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 21.03.2026 13:00